2025-ci il avtomobil idmanı və "Formula-1" pərəstişkarları üçün unudulmaz bir il olacaq. 75 illik yubiley münasibətilə keçiriləcək xüsusi "F1 75 Live" tədbiri, 18 fevral 2025-ci il tarixində Londondakı "The O2" Arenasında baş tutacaq.
Kriminal.Az xəbər verir ki, 15 000 azarkeş arenada bu möhtəşəm şounu yaxından izləyəcək.
Bu möhtəşəm gecədə "Formula-1"in 10 komandası, sürücüləri və komanda rəhbərləri iştirak edəcəklər, yeni mövsüm üçün avtomobillərin dizaynları təqdim olunacaq. Tədbirdə yalnız yeni avtomobillər deyil, həm də Lyuis Hemiltonun "Ferrari"yə keçidindən sonra ilk dəfə rəsmi təqdimatı, gənc pilotların debütləri və "Red Bull"un yeni heyəti təqdim ediləcək.
Tədbir musiqi dünyasından da böyük sürprizlərlə zəngindir - Keyn Braun, "Take That" və MGK kimi sənətçilər səhnəyə çıxacaqlar.
Həmçinin "Formula-1" azarkeşləri üçün bu tədbir F1-in sosial media kanallarında, o cümlədən "YouTube"da yayımlanacaq. 19 fevral, Bakı vaxtı ilə saat 00:00-da canlı yayımla izləyicilər, bu möhtəşəm anları izləyə biləcəklər. Tədbir, Formula 1 azarkeşləri üçün şübhəsiz ki, yaddaqalan bir gecə olacaq.
Xatırladaq ki, Bakı Qran-Prisi bu il 19-21 sentyabr tarixlərində keçiriləcək. Sürət həvəskarları yarış həftəsinə artıq səbirsizlənir. Təsadüfi deyil ki, Sahil, Filarmoniya və Zəfər tribunalarına biletlər qısa zaman ərzində tamamilə tükənib.