Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın braziliyaəsilli sabiq futbolçusu Riçard Almeydanın klubdan ayrılmasının səbəbkarı məlum olub. Bu, onun xanımıdır.
Kriminal.Az Sportinfo.az-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi həyat yoldaşının təkidi ilə "Qarabağ"la müqaviləsinə 4 ay tez xitam vermək məcburiyyətində qalıb.
Futbolçunun xanımı, həm Braziliyada qurduqları biznesi idarə etmələri, həm də orada yaşayan yaxınları üçün darıxdığını deyərək, Almeydanın məşqçi kimi burada qalıb akademiyada fəaliyyət göstərməsinin qarşısını alıb.
Yığmamızın sabiq üzvü hələ uzun illər "Qarabağ"a xidmət etmək niyyətində olub və bunu klubun rəsmilərinə də bildirib.
Almeyda artıq ölkəsinə qayıdıb və "Primavera"nın şərəfini qoruyur. Komanda hazırda A2 Liqasında mübarizə aparır.
2012-2018-ci, 2019-cu və 2021-2025-ci illərdə Ağdam təmsilçisində çıxış edən "sambaçı" 376 oyunda 64 qol vurub. Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə "Qarabağ"ın formasını geyinib.
O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.