Məşhur "Qisasçılar" filminin rejissorları Co və Entoni Russo qardaşları yeni hissələr üzərində işlərin gedişatı barədə danışıblar.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə onlar "Deadline" nəşrinə müsahibələrində bəhs ediblər.
Russo qardaşları bir-birinin ardınca hər iki hissəni - "Qisasçılar: Qiyamət günü" və "Qisasçılar: Gizli müharibələr"i çəkdiklərindən şikayətləniblər. Layihələr üzərində iş Londonda həyata keçirilir.
"Bu, yenə də çoxlu iş deməkdir. Biz sağ qala da bilərik, qalmaya da bilərik. Görəcəyik... Amma şadıq ki, bizim üçün asan olmayacağını düşündüyümüz bir hekayəyə yol tapmışıq. Bu, çox həyəcanvericidir və bizi yataqdan qalxaraq işləməyə məcbur edir", - deyə rejissorlar etiraf ediblər.
Nəşrin qeyd etdiyinə görə, rejissorlar yeni hissələrdə başqa kainatlardan olan personajların görünüb-görünməyəcəyinə dair sualı cavablandırmaqdan yayınıblar. Co Russo bu sualın cavabını hələ də bilmədiyini deyib.
"Filmlərdə "Marvel"dən istənilən kimsə görünə bilər", - deyə Russo bildirib.
Qeyd edək ki, "Qisasçılar: Qiyamət günü" filminin premyerası 2026-cı il mayın 1-nə planlaşdırılıb. Məlumdur ki, növbəti hissənin ulduzları Doktor Strenc obrazında Benedikt Kamberbetç və "Fantastik dördlüy"ün yeni heyəti olacaq. "Qisasçılar"ın "Gizli müharibələr" alt başlıqlı yeddinci hissəsi isə 2027-ci il mayın 7-də ekranlara çıxacaq.