kriminal.az
Faizə pul götürdüyü şəxsi qətlə yetirənə ağır cəza verildi

Bakıda tanıdığı şəxsi qəsdən öldürməkdə təqsirləndirilən Elvin Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Kriminal.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq, Elvin Əsədov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Elvin Əsədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İstintaq zamanı müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2 500 manat faiz borcunu ödəməkdən yayınıb. Buna görə tərəflər arasında mübahisə yaranıb. Bu zaman Zamiq Abbasov Elvin Əsədovun ünvanına nalayiq ifadələr işlədib. Bir müddət sonra o, Nəsimi rayonunun ərazisində zərərçəkənlə görüşərək ona bıçaqla xəsarətlər yetirib.

Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Elvin Əsədov 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatlarının iştirakçısı olub.

Elgün Həsənli

Top
0.068004846572876