Məşhur italyan aktrisa Eleonora Corci ağır xəstəlikdən sonra 71 yaşında vəfat edib.
Kriminal.Az-ın məlumatına görə, bu barədə "La Repubblica" xəbər yayıb.
Bildirilir ki, aktrisalıq karyerası təxminən yarım əsr davam edən E.Corcinin ilk rollarından biri Federiko Fellininin "Roma" (1972) filmində olub, lakin onun adı titrlərdə belə yer almayıb. Buna baxmayaraq, o, daha çox Karlo Verdonenin komediya filmlərindəki rolları ilə məşhurlaşıb, həmçinin Damiamo Damiani, Liliana Kavani, eləcə də italyan komediya ustaları Franko Kastellano və Cüzeppe Moççinin filmlərində çəkilib.
Corci məşhur italyan komediya aktyorları Adriano Çelentano, Renato Pozzetto, Conni Dorelli, Karlo Verdone ilə baş rollarda çəkilib.
Qeyd edək ki, 1980-ci illərdə Corci tez-tez Ornella Mutinin rəqibi adlandırılırdı. Məhz o, 2003-cü ildə rejissorluq debütü olan "Kişilər və qadınlar, sevgi və yalanlar" (Uomini & donne, amori & bugie) filmində Ornella Mutini baş rolda çəkib.
Aktrisa 2023-cü ilin noyabrında bir televiziya şousunda onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlamışdı.