Müdafiə Nazirliyinin sabiq əməkdaşı "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin 42 milyon manat mənimsəməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.
Kriminal.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən iclas ibtidai istintaqa cəlb edilmiş şahidlərin məhkəmədə sərbəst ifadələri ilə davam etdirilib.
Zahid Niftəliyevin adına təsis olunmuş "Şahin CO" şirkətinin mühasibatlıq hesabatlarında iştirak etmiş Mürsəl Əliyev şahid qismində ifadəsi zamanı Zahid Niftəliyevlə hər hansı şəxsi tanışlığının olmadığını vurğulayaraq bildirib ki, o, təqsirləndiriləni 3 dəfə görüb.
"Bu şəxslə tanışlığım yoxdur. "Bakı" jurnalında baş mühasib çalışdığım zaman bir neçə dəfə "Şahin CO"nun hesabatlarını vermişəm. Sözügedən hesabatlar da boş hesabatlar olub. Şirkət fəaliyyət göstərmədiyi zaman boş hesabat verilir. Zahidi isə 3 dəfə görmüşəm. "Bakı" jurnalına hesabatları vermək üçün gələndə, Vergilər Nazirliyində və bir dəfə də DTX-də istintaq zamanı görmüşəm".
"Şahin CO" şirkətinə milyonlarla manat kreditin ayrılmasının səbəbi barədə dövlət ittihamçısının sualını cavablandıran şahid qeyd edib ki, kreditin ayrılması keçmiş vergilər naziri mərhum Fazil Məmmədovun göstərişi ilə olub. Bunu isə ondan sabiq baş qərargah rəisi Nəcməddin Sadıqov xahiş edib.
"Ona kredit ayrılması üçün də bu MMC yaradıldı. Bunu yaratmaqda köməklik göstərmək mənə tapşırıldı. Kreditin ayrılması üçün mənim hazırladığım sənədlər banka göndərilib və kredit ayrılıb. Bir dəfə 10 milyon dollardan çox, 13,660,000 dollar və başqa əməliyyatlar həyata keçirilib. Daha sonra 7 milyon manat təsərrüfat məqsədilə nağdlaşdırılıb".
Növbəti şahid İltifat Ağayev isə 2015-2017-ci illərdə bankın idarə heyətində formal üzv kimi olduğunu bildirib:
"Şahin CO"nun şirkət olaraq adını eşitmişəm, amma oradan kimləsə şəxsi tanışlığım olmayıb. Zahid Niftəliyevi isə ilk dəfədir görürəm. Bu sahədə təcrübəsi olan bir şəxs kimi ona əminəm ki, kənar müdaxilə olmadan bu kimi külli miqdarda olan bir məbləği birdəfəyə bankdan götürmək mümkün deyil.
Təqsirləndirilən şəxsi tanımıram. 2015-ci ilin sonundan başlayaraq banka kənardan müdaxilələr oldu. Bu qədər məbləğin qısa zaman ərzində verilməsi mümkün deyil. Bu məbləğin verilməsi üçün müəyyən proseslər həyata keçirilməli, mərhələli şəkildə işlər aparılmalıdır".
Şahid həmçinin onu da bildirib ki, kreditin ayrılması üçün onun da imzası olub:
"Mənim də imzam olub. Lakin mən idarə heyətinin formal üzvüyəm. Fiziki olaraq iştirak etməmişəm. İmzalamışam, amma bu imzalanma müzakirədən 1-2 ay sonra olub. İmza atmağım mənim nöqsanımdır".
Növbəti proses aprelin 2-nə təyin edilib.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Z.Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq "ATA Bank"dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin CO" adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "ATA Bank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "ATA Bank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
Elgün Həsənli