Azərbaycan Şahmat Federasiyası ilk dəfə olaraq bütün ölkəni əhatə edəcək "Azərbaycan Şahmat Turu" - ("Chess Tour Azerbaijan") layihəsini həyata keçirəcək.
Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun rəhbərliyi altında Təşkilat Komitəsinin iclası keçirilib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov beynəlxalq turnirlər silsiləsinin ölkə şahmatında ilk olduğunu qeyd edib və bütün yarışların yüksək səviyyədə təşkilinin vacibliyini vurğulayıb.
2025-ci ildə ilk dəfə reallaşacaq "Azərbaycan Şahmat Turu" çərçivəsində ölkədə şahmat üzrə səkkiz beynəlxalq yarış təşkil olunacaq. Bütün yarışlar beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.
Şahmat turu paytaxt Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda "Baku Open" beynəlxalq şahmat festivalına start veriləcək. 18-25 iyun tarixlərində "Sheki Open", 26 iyun-03 iyulda "Shamakhı Open", 06-13 iyulda "Lankaran Open", 15-22 iyulda "Guba Open", 11-18 noyabrda isə "Ganca Open" və 19-26 noyabrda "Shirvan Open" keçiriləcək. "Azərbaycan Şahmat Turu" çərçivəsində həm də "Vüqar Həşimov Open" turniri baş tutacaq.
"Azərbaycan Şahmat Turu"yla əlaqədar Azərbaycan Şahmat Federasiyası tərəfindən nəfis tərtibatda yeni sayt istifadəyə verilib. Chess.az saytında şahmatçılar rahat şəkildə turnirlər üçün qeydiyyatdan keçməklə yanaşı, həm də yarışla bağlı son xəbərləri izləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, həm də xarici iştirakçıların, o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.