Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında iştirak edib. Kriminal.az xəbər verir ki, bunu QHT sədri, siyasi şərhçi Toğrul Allahverdili bildirib.
Onun sözlərinə görə, bir çox liderin qatıldığı silsilə görüşlərdə yenə bütün diqqətlər əsasən 1 liderin üstündə idi: "Qalib prezident İlham Heydər oğlu Əliyev. Dünyaya əsl savaş dərsliyi gətirmiş İlham Əliyev yenə diqqət mərkəzində idi, liderlər onunla qısa da olsa söhbət etmək üçün sıraya durmuşdular.
Bəli, əgər bir lider xalqına arxalanıb müharibə aparırsa bütün dünya ona qibtə ilə yanaşar. Dünənki görüşlərdə İlham Əliyev Azərbaycanın regionun sahibi, özünün isə regionun lideri olduğunu bir daha sübut etdi. Emmanuel Makronun İlham Əliyevlə səmimi söhbət etməsi Fransanın ermənipərəstliyindən daha çox Azərbaycanın gücü, qüdrəti ilə barışması mesajını verirdi. Görüşdə Paşinyan faktoru da xeyli diqqət çəkdi. Öncə Ali Baş Komandanı kofe içməyə dəvət etməsi, daha sonra onun qarşısında hesab verircəsinə danışması bir daha regiondakı güclərin müzakirə mövzusu olmadığını, əsl gücün kimdə olduğunu göstərdi".
Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyev həm də bu görüşdə kübarlığı, xanımlara qarşı olan sayğısı da göz önündə idi: "Aİ-nin xanım nümayəndəsi ilə yağışlı havada söhbət edərkən onun əlindən çətiri alması xanımlara qarşı insan övladının necə davranması gərəkdiyini göstərdi.
Prezidentin Albaniya səfəri bitdi. Bu səfər boyu hər kəsin diqqət mərkəzində olan iki lider biri dünyanın aparıcı ölkəsinin lideri olan cənab Rəcəb Tayyib Ərdoğan, digəri isə Qafqazın lideri Ali Baş Komandan İlham Əliyev oldu. Səfər hər nə qədər bitsə də prezident İlham Əliyevin Albaniyadakı lider görkəmi, kübarlığı, dünyanın liderlərinin diqqətində olması hələ uzun müddət danışılacaq. Tək sərhədlərimizin daxilində deyil, dünyada... Bu da İlham Əliyevin düzgün siyasət aparmasının və böyük lider olmasının bariz sübutudur".