Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində təşkil olunan yeniyetmələr (U-15, U-17) arasında Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanıblar.
Bu barədə Kriminal.az a Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qitə birinciliyində Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında U-17 millisi təmsil edib.
B qrupunda yer alan Rəşid Nazarov (60 kq) Xorvatiya güləşçiləri – Nikola Duriçlə Lovro Vidoviçə, eləcə də ukraynalı İliya Klimçuka 3:0 hesabı ilə qalib gəlib. Qrup lideri kimi yarımfinala yüksələn Nazarov final uğrunda mübarizədə gürcüstanlı Rati Beridzeyə son saniyələrdə məğlub olub – 2:3. Rəşid bürünc medal uğrunda qarşılaşmada yenidən Klimçukla üz-üzə gəlib. Bu dəfə rəqibinə xal verməyən (3:0) Nazarov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Ruslan Vəliyev (70 kq) A qrupunda yunanıstanlı Yannis Apostolla ukraynalı İvan Zaliskonu 3:0 hesabı ilə üstələyib. Xorvatiyalı Leon Kuzman güləşmədiyi üçün Vəliyev hesabına texniki qələbə də yazdırıb. Ruslan qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Onunla eyni çəkidə çıxış edən Ayxan Quliyev C qrupunda keçirdiyi ilk görüşdə gürcüstanlı Luka Maxaradzeyə 1:3 hesabı ilə məğlub olsa da, xorvatiyalı Toma Jelenç güləşmədiyi üçün texniki qələbə qazanıb, ardınca fransalı Tomas Reborqdan güclü olub – 3:1. Təmsilçilərimiz yarımfinalda üz-üzə gəlib. Ruslan Ayxanla mübarizədən qalib ayrılıb – 4:1. Quliyev bürünc medal uğrunda qarşılaşmada gürcü Bidzina Jintçaradze ilə bacarmayıb – 0:4. Ancaq Vəliyev həlledici görüşdə Gürcüstanın digər təmsilçisi Luka Maxaradzeyə 3:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.
Nihad Süleymanlı (80 kq) debütdə britaniyalı Marşal Everetə 3:0 hesabıyla qalib gələrək A qrupuna vəsiqə qazanıb. Nihad qrup mərhələsində gürcüstanlı Nuradin Mustafayevi 3:1, yunanıstanlı Panayotis Kiparissopulosla macarıstanlı Norbert Tapodini isə 3:0 hesabıyla məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib. Süleymanlı bu mərhələdə gürcüstanlı Zebur Abaşidzeyə də heç bir şans tanımayıb – 3:0. Nihad finalda yenidən Mustafayevlə qarşılaşıb və rəqibə əvəz çıxmağa imkan verməyib. 4:1 hesablı qələbəyə sevinən Süleymanlı qızıl medalı boynundan asıb.
Beləliklə, millimiz Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanıb. Medalların əyarına görə bütün ölkələri qabaqlayan Azərbaycan xala görə sıralamada 3-cü yeri tutub. 65 xal toplayan komandamız Gürcüstan (85) və Ukraynadan (70) geri qalıb.
Qitə birinciliyində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.