kriminal.az
Zəhərli və hiyləgər:Uzaq durulmalı 8 ən təhlükəli ağac

Təbiətdə gəzmək həyatın ən gözəl anlarından biridir. Lakin dünyanın bəzi bölgələrində bu istirahət arzusu zərərli nəticələrə yol aça bilər. 

Kriminal.az xəbər verir ki, buna görə də "Discover Wildlife" nəşri insan sağlamlığı üçün təhlükə yaradan və yaxınlaşmaqdan çəkinmək lazım olan ən təhlükəli ağacların siyahısını hazırlayıb.

Cerbera odollam 

Bu ağac Cənubi və Cənub-Şərqi Asiyanın bəzi bölgələrində, Sakit okean adalarında və Avstraliyanın Kvinslend əyalətində bitir. O, "intihar ağacı" kimi tanınır, çünki keçmişdə və bu gün də özünü zəhərləmək məqsədilə istifadə olunur.

Təxminən 12 metr hündürlüyündə olan bu ağacın ağ çiçəkləri və yaşıl meyvələri var. Tərkibində olduqca zəhərli toxumlar saxlayan bu meyvələr orqanizmə düşdükdə ağızda yanma hissindən başlayaraq komaya və ölümə qədər aparan əlamətlərə səbəb ola bilər.

18-19-cu əsrlərdə Madaqaskarda bu ağacın istifadə olunduğu məhkəmə proseslərində təqsirləndirilənlərə zəhər verilirdi və onların sağ qalıb-qalmamasına görə günahsız və ya günahkar olduqları müəyyən edilirdi. Hər il bu cür "məhkəmə" nəticəsində təxminən 3 min insan həyatını itirirdi.

Yandıran ağac

Avstraliyanın tropik meşələrində yetişən bu ağac maksimum 10 metrə qədər böyüyür. Onun gövdəsi və yarpaqları çox incə tüklərlə örtülüb. Bu tükcüklər dəridə ciddi yanma hissi yaradan toksin ifraz edir və bu ağrı günlərlə, hətta aylarla davam edə bilər.

1963-cü ildə təbiəti qoruma xidmətinin əməkdaşı Erni Rayder bu ağacın budağı ilə üz və bədənindən zərbə aldıqdan sonra, bu ağrının iki il sürdüyünü və onu "əvvəllər yaşadığı bütün ağrılardan on dəfə pis" kimi təsvir etmişdi. Hətta ağaca toxunmasanız belə, yaxınlıqda olmaq təhlükəlidir. Havada olan tükcüklər nəfəs yollarına daxil olaraq tənəffüs problemlərinə səbəb ola bilər.

Bunge şamı

Bu həmişəyaşıl iynəyarpaq ağacı 50 metrədək böyüyə bilər. Təhlükəsi isə onun böyük və ağır şam qozaları ilə əlaqədardır – bu qozalar 18 kiloqrama qədər çəkidə ola bilər. Ağacdan düşən bu qozalar yoldan keçən insana ciddi zərbə vura və ölümə səbəb ola bilər.

Dinamit ağacıAmerikanın tropik bölgələrində yayılan bu ağac dinamit ağacı kimi tanınır. Onun balqabağa bənzəyən meyvələri yetişdikdə partlayaraq toxumları hər tərəfə yayır. Bu toxumlar saniyədə 225 km sürətlə atıldığından, dəriyə dəyərsə qızartı, gözə dəyərsə isə korluq yarada bilər. Karib hövzəsində yaşayan kalinaq xalqı bu ağacın toxumundan zəhərli oxlar hazırlayırdı.

Mansinel ağacı

Karib adaları, Bahamlar və Mərkəzi, Cənubi Amerikanın bəzi bölgələrində böyüyür. Bu ağacın hər bir hissəsi çox zəhərlidir. Yağış zamanı budaqları altında dayanmaq belə dəridə su toplayan yanıqlara səbəb ola bilər. Ağacın şirəsi gözə düşərsə müvəqqəti korluq yarada bilər. Bu səbəblə o, "ölüm ağacı" adlandırılır. 18-ci əsr səyyahı Nikolas Kresvell gündəliyində yazırdı: "Bir meyvəsi 20 nəfəri öldürməyə bəs edər”.

Adi tis

Bu ağacın yalnız qırmızı, ətli meyvə hissəsi zəhərsizdir. Lakin onun yarpaqları və toxumu çox sayda toksik birləşmələr ehtiva edir. Yarpaq və toxumunun yeyilməsi və ya hətta ağacın yonqarının nəfəsə çəkilməsi təcili tibbi müdaxilə tələb edir. İnsan ölümləri nadir olsa da, bu ağacın yaxınlığında çoxlu sayda ölü heyvan aşkar olunub.

Strixnin ağacı

Strixnin təbiətdəki ən zəhərli maddələrdən biridir və bu ağacın qabığında yerləşir. Onun tərkibində olan brusin maddəsi əzələ spazmı, qıcolmalar və böyrəklərin zədələnməsinə səbəb ola bilər.

Tikanlı gleditsiya

Əsasən Şimali Amerikanın mərkəzi hissələrində yetişən bu yarpaqlı ağac iri, 20 sm-ə qədər böyüyə bilən tikan dəstələri əmələ gətirir. İndiyə qədər bu ağacın insanlara xəsarət yetirdiyinə dair rəsmi məlumat olmasa da, bunun əsas səbəbi heç kimin bu ağaca dırmaşmaq cəsarətində olmamasıdır.(qaynarinfo)

Top
0.056721210479736