kriminal.az
Alimlər təsadüfən nadir torpaq elementləri ilə zəngin sualtı ada kəşf etdi

Cənubi Atlantik okeanında aparılan tədqiqatlar zamanı sualtı ada üzə çıxarılıb. 

Kriminal.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu ərazi nadir torpaq elementləri – nikel, kobalt, litium və itri ilə zəngindir və hazırda onun kimə məxsus olması ilə bağlı beynəlxalq mübarizə başlayıb.

Yeni tapıntı nədir?

"Popular Mechanics" nəşrinin məlumatına görə, bu sualtı ada əslində bir vaxtlar okean səthindən yuxarıda yerləşən adanın qalıqlarıdır. O, hazırda "Rio-Qrandi-Rayz" adlanan batmış vulkanik platonun tərkib hissəsidir və Braziliya sahillərindən təxminən 1300 kilometr aralıda yerləşir. 

2018-ci ildən bəri Braziliyalı və britaniyalı alimlər bu ərazidə tədqiqat aparırlar və burada Latın Amerikasına xas olan qırmızı gil təbəqəsi aşkarlanıb. Bu tapıntı ərazinin bir vaxtlar quru ərazi – ada – ola biləcəyinə sübut kimi göstərilir.

Sualtı adada nə var?

Platonun dibi yüksək konsentrasiyada dəmir-mangan birləşmələri ilə örtülüdür. Bu qatlar tərkibində strateji əhəmiyyətli metallar – nikel, kobalt, litium və itri daşıyır. Bu elementlər müasir sənaye üçün həyati əhəmiyyət daşıyır:

* Litium akkumulyator istehsalında əsas komponentdir;

* İtri isə aerokosmik, müdafiə, avtomobil və tikinti sənayesində istifadə olunan alüminium və maqnezium ərintilərinin möhkəmləndirilməsində mühüm rol oynayır. Həmçinin o, superkeçiricilərin, lazerlərin, LED lampaların və kamera linzaları üçün şüşələrin istehsalında istifadə olunur.

Kim bu sərvətə sahib olacaq?

Məsələnin mürəkkəb tərəfi bu resursların yerləşdiyi ərazinin neytral sularda olmasıdır. BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasına görə, dəniz dibində geoloji araşdırmalar və faydalı qazıntıların çıxarılması ciddi şəkildə məhdudlaşdırılıb. 

Hər bir ölkə yalnız 370 kilometrlik iqtisadi zona daxilində dəniz resurslarına iddia edə bilər. Lakin əgər sübut olunsa ki, "Rio-Qrandi-Rayz" platonun bir hissəsi bir vaxtlar ada olub və materik şelfi ilə əlaqəlidir, onda Braziliya bu əraziyə ərazi iddiası qaldıra bilər.

Qlobal rəqabət və Çin faktoru

Bu tapıntı fonunda nadir torpaq elementləri uğrunda qlobal rəqabət daha da kəskinləşir. Hazırda bu sahədə qlobal bazarın təxminən 70%-i Çinin nəzarətindədir. Üstəlik, 2025-ci ilin aprelindən etibarən Çin bəzi nadir elementlərin, o cümlədən itriyun ixracına məhdudiyyətlər tətbiq edib.

Bu şəraitdə Braziliya hökuməti platoya nəzarətini möhkəmləndirməyə, dəniz sərhədlərini genişləndirməyə və "Rio-Qrandi-Rayz"ın mineral ehtiyatlarından istifadə hüququ qazanmağa çalışır.

Top
0.057980060577393