Ermənistan hökuməti Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Vaşinqtonda planlaşdırılan görüşlə bağlı məlumatı təsdiqləyib.
Kriminal.az -ın məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nikol Paşinyan 7-8 avqust tarixlərində ABŞ-yə səfər edəcək.
Qeyd olunur ki, səfər çərçivəsində Ermənistanın Baş naziri ABŞ Prezidenti ilə ikitərəfli görüş keçirəcək. Görüşdə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq. Həmçinin Cənubi Qafqazda sülhə, rifaha və iqtisadi əməkdaşlığa töhfə verməyə yönəlmiş üçtərəfli görüş də baş tutacaq. Bu görüşdə ABŞ Prezidenti ilə yanaşı Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.
Bundan əlavə, Amerika prezidentinin dərc olunmuş proqramında yer alıb ki, cümə günü, avqustun 8-də ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevlə ayrıca görüş keçirəcək.
Görüş yerli vaxtla saat 15:20-yə (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.
Proqrama əsasən, Azərbaycan prezidenti ilə görüşdən əvvəl Tramp Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Həmin gün saat 16:00-da (Bakı vaxtı ilə avqustun 9-u 00:00) Donald Tramp, İlham Əliyev və Nikol Paşinyanın birgə bəyanatı gözlənilir.
Həmçinin bildirək ki, “Middle East Eye” nəşri öz mənbələrinə istinadən Vaşinqtonda sülh sazişinin deyil, yalnız “niyyət memorandumu”nun imzalanacağını qeyd edib.