kriminal.az
Nazirlərin döyüldüyü ölkədə son vəziyyət necədir? - VİDEO

Nepalda 5 gündür davam edən etiraz aksiyalarından sonra Z nəslinin seçdiyi ölkənin ilk qadın baş nazirinin andiçmə mərasimi keçirilib.

Kriminal.az NTV-yə istinadla xəbər verir ki, sabiq baş nazir Şarma Olinin istefasından sonra onu Ali Məhkəmənin keçmiş sədri Suşila Karki əvəzləyib. 

O, Nepalın ilk qadın baş naziri olub. Karki 6 ay müddətində müvəqqəti hökumətə rəhbərlik edəcək və ölkəni martda keçiriləcək seçkilərə aparacaq.

Artıq ölkənin bir çox yerində karantin aradan qaldırılıb və gündəlik həyat normallaşmağa başlayıb.

Nepal Ordusunun sözçüsü paytaxt Katmandu və digər ərazilərdə artıq heç bir məhdudiyyətin olmadığını açıqlayıb.

Marketlər, ticarət mərkəzləri və mağazalar yenidən açılıb, küçə və prospektlərdə nəqliyyatın hərəkəti normallaşıb. Etirazlar zamanı zədələnmiş hökumət binalarında təmizlik və təmir işlərinə başlanılıb.

Qeyd edək ki, sentyabrın 4-də feysbuk, instaqram, vatsap, yutub, “X”, “reddit” və “LinkedIn” Nepalda ayrılmış müddət ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçmədiyi üçün bloklanıb.

Bunun ardınca əsasən gənclərdən ibarət etirazçılar korrupsiya iddialarına və sosial media qadağasına etiraz olaraq parlament binasına doğru yürüş ediblər.
Artan etirazlar zamanı polis nümayişçilərə qarşı su şırnaqları, gözyaşardıcı qaz və həqiqi güllələrdən istifadə edib. Sonrakı hadisələrdə 51 nəfər həlak olub, 400-dən çox insan yaralanıb.

Hökumət binalarına edilən bu hücumlardan sonra Nepal ordusu, polisi və yüksək vəzifəli məmurları etirazçıları təmkinli olmağa və siyasi dialoqa çağırıblar.
Bundan əlavə, etirazçılar maliyyə naziri Bişnu Prasad Paudeli Katmandu küçələrində təqib edərək döyüblər. Onlar əvvəlcə maliyyə nazirini yarıçılpaq halda aparıblar, daha sonra çayın içərisində qovalayıblar.

Nepal hökuməti sosial media qadağasının ləğv edildiyini elan edib və Daxili İşlər naziri, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri , eləcə də Su Təchizatı naziri istefaya göndərilib.

Buna baxmayaraq, siyasi xadimlərin və nazirlərin evlərinə hücumlar davam edib.

Etirazçılar Baş nazirin iki iqamətgahını, parlament və Ali Məhkəmə binalarını yandırıblar.

Nepal ordusu iğtişaşların artması səbəbindən nazirləri iqamətgahlarından vertolyotla təxliyə etməyə başlayıb. 

Billurə Yunus

Top
0.065446138381958