kriminal.az
SOCAR və Qətərin "UCC" holdinqi Anlaşma Memorandumu imzalayıb - YENİLƏNİB

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Qətərin "UCC Holding"i arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb.

SOCAR-dan Kriminal.az a verilən məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, "UCC Holding"in sədri Mutaz Al-Xayyatın və digər yüksək səviyyəli rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə sənədləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və "UCC Holding"in prezidenti Ramez əl Xayyat imzalayıblar.

Anlaşma memorandumları enerji dəyər zəncirinin bütün istiqamətləri, o cümlədən neftin və qazın kəşfiyyatı, hasilatı, nəqliyyat və saxlanma infrastrukturunun inkişafı, emal və neft-kimya layihələri, xam neft, neft məhsulları və aviasiya yanacağının ticarəti və təchizatı, həmçinin yüksək səmərəliliyə malik kombinə edilmiş qaz turbinli elektrik stansiyalarının tikintisi sahələri üzrə əməkdaşlığı əhatə edir.

Azərbaycan və Qətər hökumətlərinin dəstəyi ilə Suriya Ərəb Respublikasında enerji sektorunun bərpasının sürətləndirilməsinə dair imzalanmış sənəd Suriyanın ümumi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Tərəfdaşlıq Suriyanın əsas enerji infrastrukturunun müasir təcrübələr və standartlar əsasında yenidən qurulmasına töhfə verəcək.

Şirkətlər arasında imzalanmış ikinci sənəd isə SOCAR və "UCC Holding"in digər ölkələrdə əməkdaşlığını və beynəlxalq enerji bazarlarında birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

***

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qətərin "UCC" holdinqi arasında Anlaşma Memorandumu imzalanıb.

Kriminal.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, SOCAR və Qətərin "UCC" holdinqi arasında imzalanan Anlaşma Memorandumu üçüncü ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində əməkdaşlıq üçün yeni imkanlar açır: "Enerji sahəsində strateji tərəfdaşlıqlar qlobal miqyasda iqtisadi əməkdaşlığımızı gücləndirir".

M.Cabbarov qeyd edib ki, şirkətlərin imzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorunda tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun bərpasına, regionun davamlı inkişafına mühüm töhfə verəcək.

 

 

Top
0.062525987625122