kriminal.az
Sərhədyanı bölgədə dialoq - alternativi olmayan ikitərəfli görüş formatı - ŞƏRH + FOTO

Uzun fasilədən sonra Azərbaycan və Ermənistan rəsmiləri arasında təkbətək görüşlər bərpa olunub. Üçüncü tərəf qatılmadığından bu formatın daha faydalı olacağı istisna edilmir.

Belə ki, noyabrın 30-da Azərbaycan və Ermənistan arasında sərhəddə Baş nazirin müavini Şahin Mustafayev və ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi altında Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib. Tərəflər ilkin olaraq görüşlərin keçirilməsi üzrə reqlamenti razılaşdırıblar. Bundan başqa, komissiyanın fəaliyyəti ilə bağlı Əsasnamə layihəsinin hazırlanmasına, həmçinin görüşlərin intensivləşdirilməsinə dair razılıq əldə olunub. Növbəti görüşün keçirilməsinin tarixi və yeri işçi qayda müəyyən ediləcək.

Bu görüşün keçirildiyi vaxt Makedoniyanın Skopye şəhərində ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısı da baş tutub. Bu görüşlər yekunda tərəflər arasında sərhədlərin müəyyənləşməsinə, sülh sazişinin imzalanmasına, habelə Ermənistan-Azərbaycan normallaşma prosesinin başa çatmasına xidmət etməlidir. Əks halda, onun ATƏT-in vasitəçiliyi ilə keçirilmiş çoxsaylı görüşlərdən bir fərqi olmayacaq. Düzdür, indi dəyişikliklər, az qala, inqilabi səviyyədədir. Bununla belə, əsas hədəf sülh sazişidir. Ancaq rəsmi İrəvanın bu sənədin imzalanmasına problem yaradacağını indidən ehtimal etmək olar. Çünki sərhəd, təhlükəsizlik və başqa bu kimi məsələlər üzrə razılaşmalara gəlmək mümkündür, yaxud müəyyən dövrədək dondurmaq olar. Ancaq 1988-ci ildə Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının pozulmuş vətəndaşlıq hüququnun bərpasına münasibət birmənalı deyil. Bu baxımdan sülhə nail olmaq üçün vacib məsələlərdən biri də Azərbaycan Qarabağdan olan erməni sakinlərinin reinteqrasiyası və 300 minə yaxın qərbi azərbaycanlıların (Ermənistan vətəndaşları) 35 il əvvəl pozulmuş vətəndaş hüquqlarının bərpasıdır. Skopye toplantısında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, rəsmi Bakı yerli erməni sakinlərə bərabərhüquqlu Azərbaycan vətəndaşları kimi qalmaq və reinteqrasiya istiqamətində ardıcıl çağırışlar edib:

“Azərbaycan hökuməti müstəsna olaraq Azərbaycanın daxili məsələsi olan ölkə vətəndaşlığı əsasında yerli sakinlərin gələcək reinteqrasiyası üçün hərtərəfli plan elan etmək də daxil olmaqla onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərib”.

Ümumiyyətlə, rəsmi Bakı bütün toplantılarda erməni sakinlərin reinteqrasyasından danışdığı halda İrəvan yüz minlərlə qərbi azərbaycanlının pozulmuş hüquqlarının bərpasından davamlı şəkildə imtina edir. Ermənistan hakimiyyətinin məsələyə belə ziddiyyətli yanaşması perspektivdə danışıqlar üçün narahatlıq yarada bilər. Ermənistanlı həmkarı Ararat Mirzoyan Ceyhun Bayramovdan fərqli olaraq bu məsələlərdən bəhs etməyib. O, rəsmi İrəvanın tez-tez bəyan etdiyi “sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla görüşə hazırıq” fikir Skopye də təkrarlayıb. Baş nazir müavinlərinin görüşü sübut edir ki, Azərbaycan ikitərəfli görüşə alternativ görmür. Çünki vasitəçi olmuşlar, yaxud bu rolu oynamaq istəyənlər, demək olar, eyni aktorlardır. Ötən illərin təcrübəsi sübut edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına onların yeni töhfə verəcəyi ehtimalı sıfırdan da aşağıdır. Ceyhun Bayramov Skopye toplantısındakı çıxışında da vasitəçi məsələsinə münasibət bildirib ki, ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirib". Bu çıxış həm də Avropada vasitəçi olmaq niyyətində olanlara bir ismarış idi.

Bu arada komissiyanın görüşlərinin intensivliyi tərəflər arasında problemlərin, ziddiyyətli məsələlərin həllini tezləşdirər. Bu həm də kənar müdaxilələrin qarşısını alar. Komissiyanın görüşləri Azərbaycan və Ermənistan liderlərinin təkbətək görüşünə də təkan verər. Yeri gəlmişkən, əvvəllər prezidentlər arasında oxşar görüşlər olub. 2002-ci il avqustun 14-də Sədərək rayonu ilə sərhəddə ümummilli lider Heydər Əliyevlə ermənistanlı həmkarı Robert Koçaryan arasında təkbətək görüş olub. Dörd saat davam etmiş həmin görüşdən sonra Heydər Əliyev mətbuat üçün açıqlamasında bu səviyyədə danışıqların davam etdirilməsinin zəruriliyini vurğulayıb:

“ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini stimullaşdırmalı, məsələnin həllinə kömək etmək üçün digər imkanlardan istifadə etməli və iki prezidentin - Ermənistan və Azərbaycan prezidentlərinin şəxsi görüşlərini davam etdirməliyik”.

Onda Robert Koçaryan da görüşdən razı qaldığına dair açıqlama verib. Ulu öndər Heydər Əliyevlə Robert Koçaryan arasında 23 görüş keçirilib. Onlardan ikisi Sədərəkdə reallaşıb. Bu tarixi təcrübə tərəflər arasında birbaşa, təkbətək görüşlərin keçirilməsinin aktuallığını itirmədiyini, əksinə, indiki şəraitdə daha vacib olduğunu təsdiqləyir. Hadisələrə əsasən demək olar ki, Azərbaycan-Ermənistan normallaşma prosesi üçün əsas xətt bu ola bilər - çoxtərəfli nəticəsiz danışıqlardan, ikitərəfli birbaşa görüşlərə. Buna alternativ ya yoxdur, ya da ziyanlı və təhlükəlidir.

“Report” İnformasiya Agentliyi

Top
0.074477910995483