kriminal.az
Azərbaycanda toyuq əti bahalaşacaq?- “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Türkiyədə quş ətinin qiymətinin artması ixraca qadağa ilə müşahidə edilir. Ekspertlər bildirirlər ki, məlum proseslərin Azərbaycanda yaşanması ehtimalı azdır. Amma baş verənlər dolayısı ilə qiymətlərə təsir edə bilər. 

Türkiyədə toyuq ətinin qiyməti 200 faiz həcmində bahalaşıb. Bunun qarşısını almaq üçün hökumət müəyyən addımlar atmağa başlayıb. Belə ki, Ticarət Nazirliyi quş ətinin ixracına müvəqqəti qadağanı nəzərdə tutan yeni qanun hazırlayıb. İxraca qadağa qoyulursa, yəqin ki, idxalı stimullaşdırmağa da ehtiyac var. Bəs bu zaman Azərbaycan quş əti məhsullarını Türkiyəyə ixrac edə biləcəkmi? Heyvan ətinin bahalaşması fonunda qonşularımızın başına gələn proses bizim üçün nə dərəcədə realdır?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Quş əti istehsalı kifayət qədərdir”

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənlinin sözlərinə görə, qardaş ölkədə ixracı dayandırdıqları üçün yaxın zamanlarda qiymətlərdə stabilləşmə baş verə bilər: “Türkiyədə quş ətinin xaricə satışına qadağa qoyulmasının əsas səbəbi digər dövlətlərə xeyli miqdarda toyuq əti ixracıdır. Türkiyə toyuqlarını xüsusən də İran əldə edir. İxracın bu dərəcədə artması Türkiyədə toyuq əti qiymətlərinə çox ciddi təsir göstərib. Burada yeganə çıxış yolu digər ölkələrə olan ixracı dayandırmaqdır. Amma onlar üçün qorxulu heç nə yoxdur. Çünki quş əti istehsalı kifayət qədərdir. İxraca qadağa qüvvəyə mindikdə toyuq əti qiymətlərində tədricən normallaşma müşahidə ediləcək”.

Həm istehsal edirik, həm də idxal

M.Həsənlinin fikrincə, ölkəmiz üçün də quş əti istehsalında heç bir qıtlıq və digər çətinlik gözlənilmir: “Hazırda ölkəmizdə kifayət qədər toyuq əti istehsalı mövcuddur. Bu, vətəndaşların istehlak tələblərini böyük ölçüdə qarşılaya bilir. Hazırda öz ölkəmizin toyuq əti tələbatının 85-90 faizini ödəmək potensialına sahibik. Qalan 10 faizlik tələbatımızı isə digər xarici ölkələrdən idxal etməklə qarşılayırıq. Quş əti idxal etdiyimiz ölkələrə Rusiya, Ukrayna, Belarus və digər MDB dövlətləri daxildir”. 

Sədr bildirdi ki, quş əti ixracımızla bağlı məsələ tamamilə başqadır: “Ümumiyyətlə, ölkəmizdən xaricə toyuq əti ixracı mövcud deyil. O cümlədən, Türkiyəyə də quş əti ixrac etməyimiz real görünmür”. 

Azərbaycanın toyuq ətinə ehtiyacı olmayacaq

İqtisadçı Elçin Rəşidovun sözlərinə görə, Türkiyə ən böyük quş əti istehsalçısı və ixracatçılarından olduğu üçün Azərbaycan toyuğuna ehtiyacı olmayacaq: “Türkiyə hökuməti öz ölkəsindən toyuğun ixrac edilməsinə qadağalar tətbiq edib. Bu tədbirlər müvəqqəti xarakter daşıyacaq. Məqsəd Türkiyənin öz bazarını daxili istehsal hesabına təmin etməkdir. Onlar özlərini təmin etmək potensialına sahibdirlər. Bu da o deməkdir ki, onların Azərbaycanın toyuq ətinə ehtiyacları olmayacaq. Çünki Türkiyə özü dünyanın ən böyük quş əti ixracatçılarından hesab olunur. Türkiyədə baş verən prosesləri tam qıtlıq kimi də dəyərləndirə bilmərik. Amma qiymət baxımından artımlar mövcuddur”. 

Qiymətlər o qədər qalxmalıdır ki...

E.Rəşidov qeyd etdi ki, Türkiyədəki proseslər Azərbaycana təsir etməsə də, Rusiya bazarında qiymətləri artıracaq: “İxrac ölkəsi olduqları üçün türklər daxili bazarlarında həmişə qiyməti daha aşağı saxlamağa çalışırlar. Azərbaycandan Türkiyəyə quş əti ixrac etmək üçün hələ şərait yoxdur. Türkiyənin Azərbaycanın toyuğuna ehtiyacı olması üçün qiymətlər o qədər qalxmalıdır ki, ölkəmizdən oraya toyuq əti ixracı onlar üçün sərfəli olsun. Amma Türkiyənin öz ölkəsindən toyuq əti ixracına qadağalar tətbiq etməsinin müəyyən bir təsiri olacaq. Bu qadağalardan Rusiya bazarı təsirlənə bilər. Rusiya bazarında toyuq əti qiymətlərində xeyli yüksəlmə müşahidə edilməsi mümkündür”. 

Qiymət yüksəlişi görə bilərik

İqtisadçının fikrincə, Rusiyaya ixrac qabiliyyətimiz sayəsində daxili bazarımızda müəyyən proseslər baş verə bilər: “Bu, ölkəmizə də dolayı yolla təsir edəcək. Azərbaycan Türkiyəyə toyuq əti ixracı etməsə də, Rusiyaya ixracı gözlənilir. Daxili bazarımızda toyuq əti qiymətlərində artım olması mümkündür. Qıtlıq və azalma yaşanmasa da, qiymət yüksəlişi görə bilərik”. 

Toyuq əti istehsalçıları qazanclı çıxacaq

Müsahibimiz bildirib ki, iqtisadiyyatımıza faydalı olsa da, vətəndaşlarımız üçün heç də müsbət tendensiya deyil: “Qiymət artımı baş verdiyi zaman toyuq əti istehsalçıları qazanclı çıxmış olurlar. Onlar artıq məhsullarını daha baha qiymətə sata biləcəklər. İxrac etdiyimiz məhsulun qiymətinin artması həmişə ölkənin ümumi daxili məhsul göstəricisinə müsbət təsir göstərir. Amma məsələnin mənfi tərəfləri də var. Burada uduzan tərəf istehlakçılardır. Lakin son nəticədə ümumi iqtisadiyyatımız üçün müsbət addımdır”. 

Top
0.042659997940063