"Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vizler mayın 22-də Ermənistan parlamentinin iclasında qərəzli bəyanatla çıxış edərək Qarabağdan könüllü çıxan ermənilərin "ürəkağrısı" ilə "halına yanmış", Azərbaycanı guya hansısa "itkin düşmüş şəxslərin" siyahısını təqdim etməyə çağırıb. Qərbi Azərbaycan İcması olaraq Vizlerin Azərbaycanı "etnik təmizləmədə" günahlandırmağa cəhd edən və müharibə cinayətlərində, eləcə də insanlıq əleyhinə cinayətlərdə və terrorçuluqda əli olan şəxslərin "azad edilməsini tələb edən" bəyanatını rədd edir və kəskin şəkildə qınayırıq".
Kriminal.Az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda bildirilib ki, əslində etnik təmizləmə siyasətini həyata keçirən Ermənistandır. Vaxtılə otuz il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış bu ölkə 300 mindən çox azərbaycanlını 1987-1991-ci illərdə öz ərazisindən zorla çıxarıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 mindən çox azərbaycanlının taleyinə isə hələ də aydınlıq gətirilməyib.
"Bütün bunlar sübut edir ki, Vizler Azərbaycana qarşı münasibətində qərəzlidir və ayrı-seçkilik mövqeyi nümayiş etdirir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası istiqamətində atılan son addımlar müstəvisində regiondan kənar dövlətlərin bu cür ziyanlı və yersiz müdaxilələri yolverilməzdir.
İcma Klod Vizleri ədalətli mövqe sərgiləməyə, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtması ilə bağlı məsələyə reaksiya verməyə çağırır", - deyə bəyanatda qeyd olunub.