kriminal.az
Deputat:

"Qazax rayonunun dörd qeyri-anklav kəndinin bir güllə atmadan, danışıqlar yolu ilə, həm də Azərbaycan Prezidentinin bir kəlməsi ilə qaytarılması bizim uğurumuzdur".

Bunu Kriminal.Az-a açıqlamasında Qazaxın dörd kəndinin qaytarılması ilə bağlı məsələni şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bütün beynəlxalq qanunlar və normalar çərçivəsində bərpa edib:

"Azərbaycan yarımçıq qalmış işlərini həyata keçirməkdədir. Bu kəndlər 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin ilkin mərhələsində Qarabağdan kənarda gərginlik yaşayan ilk sərhədyanı ərazilərdən idi. Həmin kəndlərin işğalı zamanı ermənilər misli görülməmiş vəhşiliklər törətmişdilər, kənd sakinlərini vəhşicəsinə qətlə yetirmişdilər. Belə bir acı tarix yaşamış kəndləri erməni işğalında qoymaq qeyri-mümkün olduğundan Azərbaycan Prezidenti İlham Əliyev bütün görüşlərində Qazax rayonunun və Naxçıvanın eksklav və digər dörd kəndin azad edilməsinin vacibliyini diqqətə çatdırırdı. Və nəticə də göz qabağındadır, həmin kəndlərin dördü artıq geri qaytarılıb, qalan kəndlərin də azad ediləcəyi gün uzaqda deyil".

Deputat bildirib ki, xalqımızın uzaqgörənliyi, müdrikliyi, düzgün qərarı və sərrast seçimi bu gün əldə etdiyimiz uğurların əsasıdır:

"Qazanılan nailiyyətlər bir daha sübut edir ki, İlham Əliyev dövlətimizin və xalqımızın həyatında taleyüklü məsələləri vaxtında və dəqiq, möhtəşəm qələbələrlə həll etməklə bütün ümidləri layiqincə doğruldub.

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin hər bir məqamı bizim uğur salnaməmizdir. Məhz onun gərgin zəhmətinin, düşünülmüş qərarlarının, qətiyyətli və müdrik mövqeyinin göstəriciləridir ki, Azərbaycan dünyada nüfuz sahibinə çevrilib. Azərbaycanın dünyanın qüdrətli dövlətlərindən biri olduğunu fəxrlə deyə bilərik. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşündə işğal altında olan dörd qeyri-anklav kəndin Azərbaycana qaytarılması razılaşdırılıb. Bu gün artıq həmin kəndlərdə sərhədçilərimiz dayanırlar. Bu, xalqımızın növbəti parlaq qələbəsidir və bunu bizə bəxş edən isə şəxsən müzəffər sərkərdəmiz, qətiyyətli liderimiz İlham Əliyevdir".

Nəzrin Vahid

Top
1.2796790599823