kriminal.az
Elçin Əmirbəyov:

"Builki BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) zamanı ev sahibi olan Azərbaycan beynəlxalq ictimaiyyətin bütün üzvləri arasında körpü rolunu oynamağa, iqlimin maliyyələşdirilməsi və enerji keçidi kimi əsas məsələlərdə ölkələr arasında ümumi dil tapmağa, o cümlədən sülh gündəmini təşviq etməyə çalışacaq, çünki qlobal münaqişələr insanların həyatına və ətraf mühitə ağır zərbə vurmaqda davam edir".

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "NE Global" nəşrinə müsahibəsində deyib.

Elçin Əmirbəyov bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında COP29 müəyyən rol oynayır.

"Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi üzrə son tədbirlərdən biri ötən ilin dekabrında iki ölkə arasında (Dubayda COP28) əldə olunmuş razılaşma olub, o zaman bəzi məhbusların qarşılıqlı azadlığa buraxılması, habelə qarşılıqlı diplomatik dəstək mübadiləsi barədə razılıq əldə edilib. Beləliklə, Ermənistan Azərbaycanın COP29-a ev sahibliyi etmək təklifinə qoyduğu vetonu ləğv etdi və biz də cavab olaraq Ermənistanın bu qlobal iqlim konfransının icraiyyə komitəsinin üzvü olacağı ilə razılaşdıq. Əlbəttə, bu, böyük irəliləyiş idi, çünki ali səviyyədə olmayan birbaşa görüşlərin sayəsində biz ilk dəfə olaraq qarşılıqlı etimadın həddini təmin əldə edə bildik və bu, həm də göstərdi ki, hər iki ölkə öz fikir ayrılıqlarını hər hansı üçüncü tərəflərin müdaxiləsi olmadan, birbaşa ikitərəfli danışıqlar yolu ilə həll etməyə qadirdir", - deyə Elçin Əmirbəyov bildirib.

Onun sözlərinə görə, indi dünyanın gözü COP29-a ev sahibliyi edən Bakıdadır və bu, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalaması üçün yaxşı fürsətdir.

"Həm İrəvanın, həm də Bakının bölüşdüyü fikir ondan ibarətdir ki, bu gün biz daha perspektivli vəziyyətdəyik", - deyə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi qeyd edib.

"Sülh sazişi hazırda masadadır, ona görə də biz işimizi davam etdiririk. Və biz təmkinli bir şəkildə optimizmə köklənmişik, çünki hesab edirik ki, bu mətn üzrə danışıqları COP29-dan əvvəl də başa çatdırmaq mümkündür. Bu, həm də xarici aləmə güclü siqnal verərdi ki, Avropa qitəsində və postsovet məkanında ən qədim, ən uzunmüddətli və ən faciəli münaqişələrdən biri sona çatır. Ona görə də mən hesab edirəm ki, Azərbaycan və Ermənistan ölkələri və xalqları belə müsbət nəticəyə hazır olmalıdır", - deyə Elçin Əmirbəyov əlavə edib.

Əmirbəyov nəşrə müsahibəsində bildirib ki, Azərbaycan COP29-u növbəti uğur hekayəsinə çevirmək üçün əlavə səylər göstərəcək.

"Həlli vacib olan məsələlərdən biri də iqlimin maliyyələşdirilməsi məsələsidir və burada əsas rollardan biri həmrəylik ruhunda və beynəlxalq ictimaiyyətin bütün üzvlərinin məsuliyyət ruhunda əks fikirlər arasında fərqləri aradan qaldırmağa çalışmaqdır. Avropa İttifaqı artıq ev sahibi ölkə kimi Azərbaycanla sıx əməkdaşlıq etməyə hazır olduğunu və istəyini ifadə edib. Onlar Bakıda COP29-un uğurunu təmin etmək üçün ən yüksək səviyyədə dəstək göstərəcəklərinə söz veriblər", - deyə o qeyd edib.

Əmirbəyovun sözlərinə görə, Azərbaycanın günəş və külək enerjisi sahəsində çox böyük potensialı var.

"Artıq yaxın illərdə imzalanmış müqavilələr bizə bərpa olunan enerjinin və ya yaşıl enerjinin istehsalını beş GVt-yə çatdırmağa imkan verəcək. Potensial, Xəzər dənizində külək enerjisi də daxil olmaqla, 150 GVt təşkil edir", - deyə o vurğulayıb.

"Biz Qara dənizdə dənizaltı kabel vasitəsilə elektrik enerjisini ixrac etməyi planlaşdırırıq. Bu, Azərbaycan, Gürcüstan, Rumıniya, Bolqarıstan və Macarıstanı birləşdirən layihədir. Biz həmçinin hidrogen ixracı haqqında da düşünürük. Bu layihələr bizim Avropaya enerji ixracımızı şaxələndirməklə yanaşı, həm də ölkə daxilində yaşıl enerjiyə keçidi təmin edir", - deyə Elçin Əmirbəyov qeyd edib.

Top
0.079413175582886