"İllərdir, bu günlərin həsrəti ilə yaşamışıq".
Bunu Kriminal.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Mobil Ərşad oğlu Quliyev deyib.
O qeyd edib ki, Şuşaya qayıdanda ən birinci şəhidlərin məzarlarını ziyarət edəcək:
"Ən böyük arzumuz Şuşamıza qovuşmaq idi, çox şükür ki, arzumuza çatdıq.
Bu illər ərzində Məhəmmədi qəsəbəsində fərdi evdə köçkünlük həyatı yaşamışıq. Amma bu gündən etibarən bizim üzərimizdən köçkün adı götürülür. Şuşaya çatan kimi birinci Şəhidlər xiyabanını ziyarət edəcəyəm.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola düşür. Bu mərhələdə daha 32 ailə (125 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova