kriminal.az
Baydenin etirafı: ABŞ prezidentinin təbrik məktubu nəyi göstərir?

28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

Bu təbriklərin sırasında ABŞ dövlət başçısı Cozef Bayden tərəfindən yazılan məktub isə ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsini qiymətləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Məktubda Baydenin timsalında ABŞ-nin "Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq" etməsi sənəddəki önəmli məqamlardan biridir. Belə ki, mayın əvvəllərində ABŞ səfiri Mark Libbinin Şuşaya səfərindən sonra artıq Vaşinqtonun bu bəyanatı daha inandırıcı səslənir. Əgər bu yaxınlaradək Ağ Ev administrasiyası və Dövlət Departamenti rəsmiləri Qarabağın Azərbaycana məxsusluğunu açıq şəkildə bəyan etməkdən çəkinirdilərsə, ölkənin Bakıdakı baş diplomatının bu səfəri ABŞ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı rəsmi yanaşmasını ortaya qoydu.

Təbrik məktubundakı digər mühüm məqam "enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq"dan bəhs edilməsi, Əfqanıstan və Cənub Qaz Dəhlizi təcrübəsini yada salaraq "çağırışlara birlikdə sinə gərilməsinin" xatırladılmasıdır.

Bütün bunlar 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni reallığın digər dünya ölkələri kimi, ABŞ tərəfindən də qəbul olunması, Azərbaycanın önəminin etiraf edilməsi və yeni reallıqlar çərçivəsində Bakı ilə əməkdaşlığın davam etdirilməsi əzminin ifadəsidir.

Eyni zamanda, Baydenin etirafları Azərbaycan Prezidentinin məqsədyönlü və prinsipial siyasətinin nəticəsidir. Məhz dövlət başçımızın uğurlu xarici siyasət xətti sayəsində ölkəmizin bütün dünyada nüfuzu daha da yüksəlir. Bu həqiqət müxtəlif ölkə liderlərinin, o cümlədən də ABŞ rəhbərinin cənab Prezidentə ünvanladığı təbrik məktubunda özünü aydın şəkildə büruzə verir.

Onu da qeyd edək ki, ölkələr arasındakı ikitərəfli əlaqələrin enişli-yoxuşlu olması əslində adi haldır. Bu baxımdan Azərbaycanla ABŞ arasındakı münasibətlər də istisna deyil. Son bir neçə il ərzində rəsmi Vaşinqton Cənubi Qafqazda baş verən hadisə və proseslərə birtərəfli baxış nümayiş etdirsə də, Bakının ədalətə söykənən və ardıcıl addımları bu ölkə rəhbərliyini öz fikrindən daşınmağa, bölgəmizə münasibətdə daha konstruktiv mövqe tutmağa sövq etdi. ABŞ rəhbərliyi anladı ki, Azərbaycanın haqlı tələb və gözləntilərini inkar etmək, ilk növbədə elə Vaşinqtonun öz maraqlarına ziddir.

Beləliklə də, Baydenin təbrik məktubu bundan sonra da ABŞ və Azərbaycan münasibətlərinin ən azı "business as usual" prinsipi çərçivəsində davam edəcəyini söyləməyə imkan verir. Əgər qlobal və regional hadisələrin axarı, formalaşan geosiyasi və geoiqtisadi mühit əlverişli olarsa, Bakı - Vaşinqton münasibətlərinin strateji səviyyəyə yüksəlmək şansı var ki, bunun da nə dərəcədə mümkünlüyünü artıq zaman göstərəcək.

Rüfət Rzayev

Top
0.049731969833374