Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə "Şxireli Kuboku" turniri keçirilib.
Kriminal.Az Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, U-20 yaş qrupu üzrə keçirilən turnirdə Gürcüstan, Azərbaycan, ABŞ, Qazaxıstan və İran komandaları iştirak edib. Məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında yeddi güləşçi ölkəmizi ənənəvi yarışda təmsil edib. Millimizin bütün üzvləri fəxri kürsüyə qalxıb.
Vasif Bağırov (57 kq), Musa Verdiyev (65 kq) və Ramik Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Camal Abbasov (61 kq) ikinci, Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadə (86 kq) isə üçüncü yeri tutublar.
Beləliklə, komandamız turniri üç qızıl, bir gümüş və üç bürünc medalla başa vurub.
Xatırladaq ki, "Şxireli Kuboku"nda beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyublar.