kriminal.az

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümü uzun illər unudulmayacaq mübarizəyə şahidlik etdi.

Samir Abasovun sınıq-salxaq, alayarımçıq legioner və yarımfabrikat yerli futbolçu kontingentindən düzəltdiyi, ortaya qoyduğu iş sadəcə möhtəşəm idi. Bu komandanın elitada qalmağa oynaması əsas hədəflərdən sayılırdı. Əlbəttə ki, heyət potensialı da ancaq buna imkan verirdi. Amma məşqçi toxunuşu başqa bir şeydir. Bunun ən bariz nümunəsi məhz "Sumqayıt" oldu. "Qarabağ"ın hegemonluğuna fasilə verdirən mütəxəssis "Neftçi"ni arxada qoymaqla yenidən səviyyəsini göstərdi. Şəhər də ona dəstək oldu. Sumqayıt bu klubun mövcud olduğu 14 il ərzində ilk dəfə idiki komandaya mənəvi olaraq tam dəstək göstərdi. Girişi pulsuz etsən belə, tribunaları doldurmaq asan məsələ deyil, bunun üçün futboldan başı yaxşı çıxan, aldadılması mümkünsüz olan azarkeşə o güvən, etibar hissini verə bilməlisən. Samir Abbasov və komandası bunu layiqincə bacardı. Hər cür təbrik və alqışı haqq edirlər.

Böyük şəhərin komandası artıq tək deyil. Şəhər oyaqdır və yanındadır! Bir az da "Zirə" haqqında. "Qarabağ"ın gücü elə bir səviyyədədir ki, daxildə ona rəqib tapmaq yumşaq desək, çətin məsələdir. Ona görə ən yaxın düşənə baxmalıyıq. Bu da "Zirə"dir. Bu mövsüm yalnız "Qarabağ"dan geri qalan komanda məhz "qartallar" oldular. Azərbaycan Premyer Liqasında da, kubokda da. Rəşad Sadıqov və komandası mövsümə damğasını vurdu desək, yanılmarıq. Aktivindəki cəmi 33 qolla Avropa Liqasına vəsiqə qazandı, özündən daha böyük büdcəyə malik "Sabah" və "Neftçi"ni üstələdi. Nə deyirsizsə-deyin, hörməti haqq edən durumdur. Oyun tərzi baxımlı deyil? Baxımlı olanlar neçənci yerdədir, haradadırlar? Çox qol vurmur? Vuranlar neçənci yerdədir, haradadırlar? 2-ci pillə və Avropa Liqasına vəsiqə uğurdur? Şəkk-şübhəsiz, bəli. Artıqlaması ilə. Avrokuboklarda necə oynayacaq? Ona da baxacağıq. Qrupa düşməsə də, Konfrans Liqasında pley-off şansı var və ora qədər irəliləyə bilər. Bilməsə də, dünyanın sonu olmayacaq, çünki ona qədər kim daha çoxuna nail olmuşdu ki, "Zirə"nin də "xirtdəyindən yapışaq"?! 12 il əvvəl "Neftçi" idi, 7-8 il əvvəl də "Qəbələ", vəssalam. Başqa kim olubsa, aşağı-yuxarı eyni cür çıxış edib, yenə də "Qarabağ" istisna olmaqla. Rəşad Sadıqov isə bu mövsümlük işinin öhdəsindən artıqlaması ilə gəldi. Kuboku da qazanmasa da, bu, qeyd olunan tezisi dəyişməyəcək. Gələn mövsüm isə daha çətin olacaq. Çünki biz, bütün futbol ictimaiyyəti Rəşad Sadıqovdan daha çoxunu tələb edəcəyik. Çünki buna gücünün də, potensialının da olduğunu bilirik.

Uzun müddət avrokuboklarda Azərbaycanı layiqincə təmsil etməyə çalışan, ölkəmizin flaqmanına çevrilən "Neftçi" bu mövsüm uğursuzluqlar ilə üzləşib. Xüsusilə doğma meydan və azarkeş önündə "Sabah"a məğlub olaraq. "Sabah"ı da unutmayaq. Mövsümdə ciddi problemlər yaşayan "bayquşlar" son həmlə ilə "qaranlıqdan" çıxa bildilər. Planlama səhvini vaxtında düzəltmək öz müsbət nəticəsini verdi. Yayda Kaşuk və Mikelsin gedişi ilə sarsılan, Murad Musayevin də öhdəsindən gələ bilmədiyi problemlərlə çarpışan komanda doğru zamanda doğru müdaxilə ilə geri qayıtdı. Zaman da göstərdi ki, Renduliç seçimi "nöqtə atış" idi. Mütəxəssis öz praqmatik futbolu, gedişata soyuq başla baxaraq "əvvəl nəticə, sonra gözəllik" yolunu tutdu və indi öz qələbəsini bayram edir. Təbii ki, "Sabah" üçün avrokuboka bu cür getmək uğur sayılmamalıdır, komandanın da, klubun da potensialı "Qarabağ"la xal fərqini minimumda tutmağa imkan verir. Amma Masazır təmsilçisi klub olaraq hələ təzədir və bu mövsüm düşdüyü durumdan çıxa bilməsiylə öz kiçik tarixinin ən böyük sınağından üzüağ çıxdı və ümid edək ki, bu sınaqdan doğru nəticələr çıxarılacaq. Azərbaycanın uzun illər flaqmanı olan "Neftçi" klubu isə mövsümü beşinci pillədə bitirdiyi üçün avrokuboklardan kənarda qalsa da, bu son deyil. "Ağ-qaralar" yeni mövsümdə toparlanaraq əvvəlki yerini bərpa edə bilərlər.

Anar Həsənov

Top
0.091907024383545