AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun tərcüməçisi Şahin Abdullayevi cəzalandırıb.
Kriminal.Az xəbər verir ki, buna klub rəsmisinin Azərbaycan Premyer Liqasının XXXVI turunda baş tutan "Qəbələ" ilə matçın bərpasını ləngitdiyinə görə qırmızı vərəqə alması səbəb olub.
Ş.Abdullayev ikioyunluq diskvalifikasiya olunub, klub 1000 manat cərimələnib. Oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması "gənclik şəhəri"nin təmsilçisini daha 800 manat ziyana salıb.
"Qəbələ" isə dörd futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəbindən 700 manat cərimələnib.
XXXVI turda baş tutan "Zirə" - "Səbail" görüşündə baş verənlərə görə hər iki klub cərimə və cəzalara məruz qalıb. Belə ki, "Zirə" klubu dörd futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə 1500 manat cərimələnib.
"Səbail" klubu dörd futbolçusunun sarı vərəqə görməsi səbəbindən 700, Valdemar Almeydanın ikinci sarıdan qırmızı vərəqə almasına görə isə 500 manat cərimələnib. Qarşılaşmanın 70-ci dəqiqəsində meydandan qovulan portuqaliyalı yarımmüdafiəçiyə biroyunluq cəza verilib.
AFFA İntizam Komitəsi, həmçinin "Turan Tovuz" - "Kəpəz" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Tovuz klubunu 800 manat cərimələyib.