Yaxşı üzgüçü olmaq üçün ciddi məşqlərə və yarışlarda iştirak etməyə 11-12 yaşlarından başlamaq məsləhət görülür. İdman nailiyyətləri də bu yaşdan etibarən daha sürətlə artır. 14 yaşında üzgüçülük üzrə idman ustası olanlar da var. İdman üzgüçülüyü ilə məşğul olanlar arasında hər il maraqlı yarışlar keçirilir. Gənc üzgüçülər ayda bir dəfə öz uşaq idman məktəblərində starta çıxırlar.
Bunlardan biri də paraüzgüçümüz Əli Vəliyevdir. Əli ilə bu idman növünə necə gəldiyi, hansı çətinliklərlə üzləşdiyi, yarışlara hazırılığı barədə isə məşqçisi Faiq Əsgərovla söhbət etdik. Müsahibəni təqdim edirik:
- Əli, üzgüçülüyə həvəsiniz necə yarandı?
- İlk dəfə altı yaşında televizorda üzgüçüləri gördüm və məndə bu idmana həvəs yarandı. O zamandan üzgüçülüklə məşğul olmağa başladım.
- Üzgüçülüyə başlayanda hansısa çətinlikləriniz oldu?
- İlk vaxtlar tez-tez xəstələnirdim, immunitetim zəif idi. Zaman keçdikcə isə bu, aradan qalxdı. İndi özümü daha yaxşı və yarışlara hazır hiss edirəm.
- İdman hansı problemlərinizi aradan qaldırıb? Məşqlər çətinlik yaratmır?
- Hazırda yarışa hazırlaşdığım üçün məşqlərimiz gərgin keçir və əziyyətli olması normaldır. Amma öhdəsindən gəlməyi bacarıram. Əgər nəyisə istəyirsənsə, heç bir maneə aşılmaz deyil. Daha çoxunu edə biləcəyimə inanıram və ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edəcəyimi düşünürəm.
- Yarışlarla, ümumiyyətlə idmanla bağlı tərəddüd vardı?
- Üzgüçülüyə başlayanda sağlamlığım üçün gəlirdim, daha sonra isə bu mənim işimə çevrildi.
- Hərəkət məhdudiyyəti olan yaşıdlarına nələr demək istəyirsən?
- Mənim kimi olan uşaqlara deyərdim ki, bizim başqalarından heç bir fərqimiz yoxdur. Onlara öz gələcəkləri üçün çalışmağı tövsiyə edirəm.
- Gələcək planlarınız nələrdir?
- Gələcəkdə böyük yarışlara (paralimpiya oyunları və s.) lisenziya qazanıb ölkəmizi təmsil etmək, uğur qazanmaq istəyirəm. Bunun öhdəsindən gəlmək üçün çox çalışıram.
- Qarşıdan beynəlxalq yarışlar gəlir. Hazırlıq prosesi necə keçir?
Əli: Hər bir yarışa ciddi hazırlaşırıq və məşqlərimiz gərgin keçir. Özümü sağlam və məsuliyyətli hiss edirəm.
Faiq Əsgərov: Biz Misirin Xurqada şəhərində təlim-məşq toplanışında iştirak etmişdik. Orada Fransanın Limoj şəhərində keçiriləcək paraüzgüçülük üzrə dünya kubokuna hazırlaşırdıq. Əli 7-10 iyun tarixlərində keçiriləcək yarışa tam gücü ilə hazırlıq prosesini davam etdirir. Bu yarışın əsas məqsədi dünya reytinq sırasında yüksək nəticə əldə etmək və lisenziya xalını toplamaqdır.
Əlinin yaşı az olsa da, yaşıdlarından nəticələrinə görə çox seçilir. O, eyni zamanda, sağlam idmançılarla da respublika və şəhər miqyaslı yarışlarda mübarizə aparır. Əlidən əsas gözləntimiz paralimpiya oyunlarına lisenziya qazanmasıdır. Onu bütün beynəlxalq yarışlarda ön sıralarda görməyi arzulayırıq. Buna görə də Əli ilə gündə iki dəfə məşq prosesi keçirik. Komanda və fərdi məşqlərə üstünlük veririk.
- Faiq müəllim, fiziki məhdudiyyəti olan gənclərə və onların ailələrinə hansı tövsiyələriniz var?
- Fiziki məhdudiyyətli gənclərə səslənirəm ki, bu, əngəl deyil, əksinə, seçilmiş bir insan olmaq deməkdir. Həmin gənclər özlərini cəmiyyətdə fərqli hiss etməməlidirlər. Onlar idmanla bacarıqlarını daha da artıra bilərlər.
Valideynlərə də səslənirəm ki, övladlarını cəmiyyətdən gizlətməsinlər. Tam tərsinə, onları idmana və ya başqa peşələrə yönəltsinlər. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik edirəm! Gələcəkləri parlaq olsun! Hər birinə uğur arzu edirəm!
Anar Həsənov