kriminal.az
Təhsilin birləşdirdiyi cütlük: Bakıdan Londona uzanan yol

Onları bir-birinə bağlayan təhsil olub. Oxumaq, intellektual yarışlarda iştirak etmək, bilikləri ilə seçilmək hər ikisinin xarakteridir. Elə bu yarışlardan birində tanış olub, ailə qurublar. Qurduqları ailədə də təhsil onlar üçün prioritet olub. Bir- birilərinin inkişafına dəstək olub, hətta təhsil üçün birgə Londona yollanıblar.

"Kaspi" qəzeti Əşrəf və Ulduz Paşabəyli ilə bağlı məqalə dərc edib.

Əşrəf bakalavr təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, magistratura təhsilini isə Böyük Britaniyada alıb. İntellektual yarışın qalibi olub və Böyük Britaniyada bütün xərcləri qarşılanıb.

Ulduz isə Azərbaycan Dillər Universitetində bakalavr (SABAH qrupları) və magistr təhsili alıb. Hətta magistraturaya 40-cı proqram üzrə respublika birincisi olaraq, qəbul olub. Təhsilini bitirdikdən sonra işləməyə başlayıb. Bu ildən isə Dövlət Proqramı ilə Londonda yerləşən və dünyanın ən qabaqcıl universitetlərindən biri olan "King"s College London"a qəbul olub və oxumaq üçün ailəsi ilə birlikdə İngiltərəyə köçüblər.

Cütlüyün Saleh adlı oğlu var.

Xarakter, insani keyfiyyət, savad...

Ulduz bildirib ki, Əşrəflə "Breyn Rinq" intellektual oyununda tanış olub:

"Yarışa SABAH qruplarının komandasının üzvü olaraq qatılmışdım. Əşrəf isə uzun illər belə intellektual oyunlarda iştirakçı olub, nailiyyətlər əldə edib. Həmin oyunda təsadüfən tanış olduq, söhbətimiz alındı, maraqlarımız üst-üstə düşdü. Əvvəlcə dost olduq, sonra ailə qurduq. Tanışlığımızın yeddinci, evliliyimizin isə beşinci ilini tamamladıq".

O qeyd edib ki, Əşrəflə maraqları eyni olduğu üçün onun diqqətini çəkib:

"Mənim üçün dünyagörüşü çox əhəmiyyətlidir. Əşrəfin xarakteri, insani keyfiyyətləri, savadı diqqətimi çəkmişdi. Söhbətimiz, maraqlarımız üst-üstə düşürdü. Hər şey haqqında sərbəst danışa bilir, fikir mübadiləsi aparırdıq. Mənə görə, bu xüsusiyyət bir münasibət üçün çox əhəmiyyətlidir. Ən əsası, biz dostuq və o dostluğu bu gün də davam etdirə bilirik".

Əşrəf də təsdiqləyib ki, cütlük bir-birini anlayır, söhbəti tutur, bir-birinə dəstək olmağı bacarırsa, bu münasibət uğurlu alınır:

"İkimiz də eyni mühitin insanlarıyıq. Ailə qurduqdan sonra da, yad mühitə düşdüyümüzü, yeni həyata qədəm qoyduğumuzu hiss etmədik. Əvvəl necə idisə, indi də elədir. İkimiz də bu mühitin bir parçası idik. Bizim ortaq tanışlarımız, dostlarımız çoxdur. Maraqlarımız hər yerdə kəsişib, məncə, bu, ailə qurmaq üçün lazımlı faktordur".

"Bir gün mütləq edəcəkdim, amma bu gün deyildi"

Ulduz Azərbaycanda bakalavr və magistratura təhsilini bitirib, karyera qursa da, xaricdə təhsil almaq onun arzusu olub. Ailə qurduqdan və ana olduqdan sonra bu arzusundan qismən uzaqlaşsa da, Əşrəfin motivasiyası və mənəvi dəstəyi ilə xəyallarının ardınca gedib:

"Xaricdə təhsilin ən böyük arzum olduğunu həyat yoldaşım da bilirdi. Sadəcə, həyatım elə alındı ki, təhsil aldım, işlədim, ailə qurdum və ana oldum. Bu müddətdə xaricdə təhsil mənə çox da real görünmürdü. Bir gün mütləq edəcəkdim, amma bu gün deyildi. Analıq məzuniyyətində "İelts" sertifikatı almaq üçün hazırlaşırdım. Düşünürdüm ki, gələcəkdə pedaqoji fəaliyyətlə məşğul olaram. Körpə uşağı olan ana üçün bu müddət asan deyil. Yoldaşım mənə çox dəstək oldu. O, işdən sonrakı saatlarda Salehlə məşğul olur, mən imtahana hazırlaşırdım. Təsadüfən şans yarandı və Dövlət Proqramına müraciət etdim. Əşrəf mənə dəstək olur, bacaracağıma inandırırdı. Əgər azca tərəddüdüm var idisə, onun fikirləri ilə bu tərəddüd keçirdi. Çünki o, mənə dəstək olmasa idi, uşaqla bunu bacara bilməzdim. Əşrəf mənə demişdi ki, bu, sənin ən böyük arzundursa, bunu da həyata keçirmək mənim ən böyük borcumdur. Onun mənəvi dəstəyi ilə bunu bacardım və hazırda ailəmlə birlikdə Londondayam, təhsil alıram".

"Bilirdim ki, Ulduzun ən böyük arzusu budur..."

Əşrəf bildirib ki, Ulduzun arzusunu həyata keçirməyə dəstək olmaqla, onu xoşbəxt görmək istəyib:

"Bəli, mən bilirdim ki, Ulduzun ən böyük arzusu budur, məhz bu səbəbdən ona əlimdən gələn dəstəyi maksimum verməyə çalışırdım. İlk olaraq, onun xoşbəxt olmasını istəyirdim. İkinci səbəb isə odur ki, mən özüm də xaricdə təhsil aldığım üçün bunun əhəmiyyətini dərk edir, nə qədər maraqlı təcrübə olduğunu, insana nələr qata biləcəyinin fərqində idim. Həyat yoldaşımın da bu şansdan yararlanmasını, bu hissi yaşamasını istəyirdim. Xaricdə təhsil almaq gələcəkdə Ulduzun karyerasına çox yaxşı istiqamət verəcək. Təbii ki, bu proses çətindir. Müəyyən qədər komfort zonadan uzaqlaşmış olursan. Amma Ulduzun gələcəyinə necə fayda gətirəcəyini nəzərə aldıqda, bunu etməyə dəyər. Çünki sonradan itirdiklərimizə baxıb heyfsilənə bilərdik. Düşündüm ki, bu peşmançılıqla yaşamaq yaxşı olmazdı, əgər bu fürsət varsa, niyə istifadə etməyək".

"Təhsil və karyerada gender fərqinin olması absurddur"

Əşrəf həyat yoldaşının inkişafı üçün öz komfort zonasını tərk etməkdən çəkinmir. O qeyd edib ki, təhsil almaq, karyera qurmaq, işləmək kimi məsələlərdə hər hansı gender fərqinin olması absurddur:

"Ailədə hər iki insan bərabər şəraitə malik olmalıdır. Ən əsası, hər iki tərəf bir-birinə maksimum dəstək verməlidir. Bunun ən vacib nəticələrindən biri təbii ki, həmin ailədə böyüyüb başa çatan uşağın inkişafıdır. Hər iki valideyn nə qədər yaxşı təhsilə və karyeraya malik olsa, ailədə böyüyən uşağın da eyni yolu getmək ehtimalı daha çoxdur. Müasir dövrdə hansısa bir kişi və qadın fərqinin qoyulması, kişinin qadının karyerasına mane olması, onu ailə, uşaq yükü altında yolundan döndərməsi, dəstək verməməsi düzgün deyil".

"Ana xoşbəxt olan ailədə, uşaq da xoşbəxt olur"

Ulduz xaricdə təhsil arzusunu ana olduqdan sonra həyata keçirib. Bəzi qadınlar üçün isə ailə qurduqdan sonra təhsil almaq imkansız görünür. Yaxud, təhsilin yaşı olduğunu düşünənlər də az deyil. Ulduz deyir ki, neçə yaşı olursa olsun, bu arzusunu reallaşdıracaqdı. Sadəcə, övladı balaca olduğu, öz inkişafına görə onun inkişafının geridə qalacağını düşündüyü üçün tərəddüd edib və həyat yoldaşının dəstəyi ilə bu tərəddüdünün öhdəsindən gəlib:

"Heç vaxt düşünməmişəm ki, qadın ana olandan sonra özünü ikinci plana atmalı, bütün fokusunu dəyişməli, həyatını ailəyə qurban verməlidir. Belə bir deyim var: ana xoşbəxt olan ailədə, uşaq da xoşbəxt olur. Ana da xoşbəxt olmaq üçün həyatda özünü sübut etməli, arzularını reallaşdırmalıdır. Xanımlara səslənirəm ki, insan əgər xəyalını reallaşdırmaq istəyirsə, onun qarşını heç bir maneə ala bilməz. Əsas olan istəmək, məqsəd qoymaq və öz gücünə inanmaqdır. Bir arzunu həqiqətən çox istədikdə onun uğrunda çalışmağa başlayırsan. Bu gün əsas problem odur ki, indiki gənclər çox tələsir. Dərhal yaxşı iş, yüksək maaş tələb edirlər. Tələsdikləri üçün də yuxarı yaşda oxumaq onlara çətin gələ bilir. Amma magistratura təhsili üçün nə qədər gec başlasan, yetkinləşmək və nə istədiyini bilmək üçün özünə nə qədər çox zaman versən, o qədər yaxşıdır".

Əşrəf isə bu fikirlərə əlavə olaraq deyir ki, ailə qurduqdan sonra etiraf etmək lazımdır ki, təhsilə, karyeraya vaxt ayırmaq çətindir, amma mümkündür:

"Arzuna çatmaq istəsən, bunların hər ikisini paralel aparmaq olur. Məsələn, bizim kimi... Vaxtımızı bölüşdürə bilirik. Ailəyə də, təhsilə də, karyeraya da vaxt ayıra bilirik. Düzdür, müəyyən məqamlarda seçim qarşısında qala bilərlər, o zaman artıq hər kəs öz prioritetini seçib, qərar verə bilər".

"Uşaq bilir ki, saat ikidən sonra anamın dərsi var"

Ulduzu narahat edən əsas məsələ təhsil aldığı müddətdə övladının inkişafına kifayət qədər vaxt ayırmaması idi. O vurğulayıb ki, gözlədiyi kimi gərginlik olmayıb:

"Dərs qrafikimi özüm tənzimləyirəm. Yoldaşımla əvvəldən danışdıq, işləri bölüşdürdük. Məsələn, səhərdən günorta saat ikiyə kimi Salehə mən baxıram, ikidən sonra yoldaşım məşğul olur. Hamı öz məsuliyyətini dərk edir. Saleh də buna alışıb. Bilir ki, saat ikidən sonra anasının dərsi var".

"Uşağa sevməyi öyrətmək lazımdır"

Övladlarının tərbiyəsində diqqət etdikləri məqama gəldikdə isə, onların öncəliyi sevgi dolu uşaq yetişdirməkdir. Ulduz qeyd edib, sevgini və sevinci uşağa öyrətmək lazımdır:

"Mən onu insan kimi yetişdirməyə çalışıram. Uşaq da olsa, öz sərhədləri, seçimləri var. Öz nümunəmdə qərarlarına hörmət edilmənin vacib olduğunu göstərirəm. Yəni, bir uşaq nəyisə istəmirsə, ona məcbur etməməlisən. Uşağa lap kiçik yaşlarından şəxsiyyət kimi yanaşılmalıdır. Nəyisə danışmaq istəyirsə, onu susudurmamalısan. İkinci əsas məqam, düşünürəm ki, uşağa sevməyi və sevinməyi öyrətmək lazımdır. Məsələn, biz çöldə vaxt keçirəndə nədən xoşum gəlirsə, nə məni sevindirirsə, ona deyirəm, o da mənimlə sevinir. Ətrafdakı gözəlliyi görə bilmək, anı yaşamaq çox önəmli bacarıqdır. Artıq məndən öncə gözəlliyin fərqinə varır və hisslərini paylaşır. Hisslərini və emosiyalarını utanmadan yaşamağı öyrənir. Biz uşaq ikən öz emosiyalarımızı, hisslərimizi ifadə etməyə həmişə çəkinmişik... Uşaqlar ağ vərəqdir, sən ona aqressiv nümunələr göstərsən elə davranacaq, ona sevgini, mülayimliyi, qayğıkeşliyi aşılasan, elə də formalaşacaq. Uşaq ailədə valideynlərindən ətraf mühitə sevgini gördükcə, onu norma kimi qəbul edir və özü də elə edir".

Əşrəf tərbiyə məsələsində Ulduza güvəndiyini bildirib və onun metodlarını dəstəkləyib:

"Bəzən elə məqamlar olur ki, orada necə davranacağını bilmirsən. Biz mütləq o situasiyaları danışırıq. Nə edəcəyimizi müzakirə edib, qərar veririk. Uşaqla olan kommunikasiya şüurlu şəkildə aparılmalıdır. Bizim məcazi mənada istifadə etdiyimiz sözləri və ya zarafatla söylədiyimiz fikirləri onlar olduğu kimi qəbul edir və bu, çox neqativ hadisələrə gətirib çıxara bilər. Bu səbəbdən uşaqla söhbət edərkən qurduğumuz dialoqlara, istifadə etdiyimiz cümlələrə, sözlərə diqqət etməliyik".

Top
0.044281959533691