"NATO-ya üzv ölkələr nüvə silahının döyüş hazırlığı vəziyyətinə gətirilməsi məsələsini müzakirə edirlər".
Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Britaniyanın "The Daily Telegraph" qəzetinə müsahibəsində deyib.
"Mən neçə nüvə başlığının işlək olması və onların necə saxlanmasının planlaşdırıldığı barədə əməliyyat təfərrüatına varmayacağam, lakin bu məsələləri hələ də müzakirə etməliyik", - deyə o bildirib.
Baş katib hesab edir ki, bu müzakirə NATO-nun hələ də "nüvə alyansı" olduğunu dünyaya xatırladacaq.
"NATO-nun məqsədi nüvə silahı olmayan bir dünyaya sahib olmaqdır, lakin nüvə silahı olduğu müddətdə biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır", - deyə Stoltenberq vurğulayıb.
Stoltenberq, həmçinin, qeyd edib ki, ABŞ və onun avropalı müttəfiqləri hazırda nüvə arsenallarını yeniləyirlər.
"ABŞ Avropadakı nüvə başlıqlarını əvəz etmək üçün qravitasiya bombalarını təkmilləşdirir, avropalı müttəfiqlər isə NATO-nun nüvə missiyasında istifadə olunacaq təyyarələri təkmilləşdirirlər", - katib bildirib.
Mənbə: İz.ru