kriminal.az
Müharibə vaxtı yalnız bayraq tikən pakistanlı dərzi - Lahordan Astaraya uzanan ÖMÜR YOLU

Astarada dərzi axtarsanız, sizi ilk növbədə pakistanlı Asimin dükanına göndərəcəklər.

Peşəsi öz yerində, bəs pakistanlı dərzini Azərbaycanın ucqar rayonuna nə gətirib?

Bizim.media pakistanlı dərzi Əli Asim ilə söhbətləşib:

- Tam adım Əli Asimdir. Bizdə hər bir uşağın adı qoyulanda əvvəlinə dini bir ad əlavə edilir. Bu da olur, sizin təbirinizcə desək, soyadım. Yəni, əslində, adım Asimdir. 42 yaşım var. Pakistanın Lahor şəhərində doğulmuşam. Ailədə iki bacı, iki qardaş idik.

Atam İtaliya-İspaniya şirkəti olan firmanın istehsal etdiyi skuterlərin oturacaqlarının tikilişini həyata keçirirdi. Çox güclü sənətkar və dərzi idi. Tez-tez İspaniyada da olurdu. Amma mən uşaqlıqdan az-çox dərziliyi bacarsam da, arzum həkim olmaq idi. Orta məktəbi də çox yaxşı oxuyurdum.

Yəni ilk uşaqlıq illərim maddi sıxıntı olmadan keçib. Sonra atam qəfil xəstələndi, götürdüyü sifarişləri yerinə yetirə bilmədi, ziyana düşdük, vəziyyətimiz pisləşdi. Elə oldu ki, orta məktəbi yarımçıq buraxmağa, işləməyə məcbur qaldım. İşləyə-işləyə fikirləşirdim ki, harasa gedim, xarici bir ölkədə taleyimi sınayım.

- Bəs Azərbaycanı niyə seçdiniz?

- Pakistanda Azərbaycanı çox sevirlər. Dostlarım tez-tez videolar göstərirdilər ki, Bakı çox gözəl şəhərdir. Mənə də maraqlı gəlirdi. 2005-ci il idi. Elə oldu ki, dostlarımdan biri Bakıya uçmalı oldu. Mən də atamdan izn aldım ki, "gedirəm taleyimi yoxlamağa". Dərzi haqqında misal var, iynəsini taxır yaxasına...

Bax beləcə, fikirləşdim ki, sənətkar heç vaxt heç yerdə ac qalmaz. Amma hər halda bir az çəkinirdim, fikirləşirdim, alınmasa, qayıdaram öz ölkəmə. Amma elə ilk gündən Bakıda özümü qərib hiss etmədim. Başladım Əhmədli qəsəbəsində dərzi kimi çalışmağa. Gördüm ki, burada insanlar qərib şəxslərə ikiqat hörmət edirlər.

Gördülər ki, geyim işindən çox yaxşı anlayışım var, mənə təklif etdilər ki, paltar mağazasında məsləhətçi işləyim. Elə gələcək həyat yoldaşımla - astaralı qızla da bu mağazada tanış olduq. Xasiyyətini, mədəniyyətini çox bəyənmişdim. Amma fikirləşirdim ki, görəsən, ailə qurmağımıza onun ailəsi razı olarmı?

Çünki bizdə başqa ölkə vətəndaşına qız vermək məsələsinə ailələr o qədər də asanlıqla razılıq olmurlar. Təbiətcə sakit adamam, zəhməti sevirəm, həm də ortada sevgi vardı. Sözsüz ki, qızın ailəsi də haqqımda öyrənmişdi. Beləcə, razılaşdılar. Bakıda kirayədə yaşayırdıq. Sonra qəfildən mağazanı bağladılar. Hər ikimiz işsiz qaldıq. Çox fikir edirdim. Həmin vaxt yoldaşımın valideynləri dedilər ki, "gəlin bir müddət Astarada qalın, sonra istəyəndə, Bakıya qayıdarsız.

- Amma Bakıya qayıtmadınız...

- Belə alındı, həm də Astaranın təbiətini, insanlarını da çox sevdim. Burada elə ilk vaxtlardan yoldaşımın qohumları çox mehribanlıq göstərdilər. Dərzi dükanı icarəyə götürüb işlədim, burada ehtiyac var idi. Yavaş-yavaş müştərilərim artdı. Qohumlar yığışıb kömək etdilər, ev də tikdim. Övladlarım dünyaya gəldi.

- Bəs Pakistan, vətən üçün darıxmırsınız?

- Əlbəttə, orada mənim doğmalarım yaşayırlar. Amma özümü burada qərib hiss etmirəm deyə ürəyimdə sıxıntı yoxdur. Adət-ənənələrimiz çox oxşardır. Yaxınlarımla tez-tez internetlə əlaqə saxlayıram. Bir neçə il əvvəl qardaşım da Astaraya gəlib bizi ziyarət etdi. Özüm isə müharibədən (Vətən müharibəsini nəzərdə tutur - red.) az əvvəl getdim Pakistana. Qayıtdıqdan sonra müharibə başladı. Elə müharibə xəbəri gələn kimi düz getdim Astara hərbi komissarlığına.

Evdə də halallaşmışdım ki, gedirəm müharibəyə. Nə isə, camaat da doludur, birtəhər girdim idarəyə, dedim, mənim adımı yazın, könüllüyəm. Mən də axı heç bir təlim görməmişəm. Dedim, əlimdən nə gəlirsə, bir iş görərəm, təki məni göndərin. Onda gördüm ki, neçə adamın gözü yaşardı. Sonradan başa düşdüm ki, bu təkcə mənə görə deyil, doğulduğum ölkəyə olan hörmət hissidir.

Axı birinci müharibədə Azərbaycan təkləndiyinə görə torpaqlarını itirmişdi. Elə ona görə ölkə başçısı ermənilərə deyirdi də, gəlin təkbətək döyüşək, gedib onun-bunun kölgəsində gizlənməyin. Nə isə, mənə dedilər, hələ ehtiyac yoxdur. Gəldim dərzi dükanına, xəbərlərə qulaq asıram, torpaqlar azad edilir, şəhidlərimiz var, hamı da cəbhəyə getməyə can atır.

Mən də rahat deyildim, ürəyim parçalanırdı. Bir də gördüm, gah Azərbaycan bayrağı tikirəm, gah Pakistan. İşləyə-işləyə qələbə üçün dua edirdim, bir də gördüm, bir nəfər içəri girdi. Demə, dükanın çölündən bayraq tikməyimə tamaşa edirmiş. Bayraqları istədi, verdim, pulunu götürmədim. Beləcə, başladım hər gün bayraq tikməyə, hər gün də gəlib aparırdılar. Bəzən məcbur pul verən də olurdu ki, parçanın pulu çıxsın. Bütün Astara bilirdi ki, mən sifarişləri dayandırmışam, ancaq bayraq tikirəm. Əhd etmişdim ki, düz qələbə gününə qədər bayraq tikəcəyəm. İndi də şəhid ailəsi üzvü olan şəxslərin sifarişini pulsuz-parasız yerinə yetirməyi özümə borc bilirəm.

- Övladlarınız sənətinizi davam etdirməyə maraq göstərirlər?

- Yox, hələlik hər iki oğlum da hərbçi olacağını deyir. İnşallah, ordumuzun gələcək zabitləri olacaqlar. Dərzilik xüsusi qabiliyyət, səbir tələb edir. İndi fabrik mallarına üstünlük verilsə də, əl əməyini heç nə tam əvəz edə bilməz. Çünki geyimin elə xüsusiyyətləri var ki, onu yalnız dərzi bilir. Buna görə deyirəm ki, əl işini heç vaxt heç nə əvəz edə bilməz.

Mənim doğulduğum Lahorda 30 milyon insan yaşayır. İslamabad paytaxt olsa da, əsas iqtisadi mərkəzlər Lahordadır. Orada sənətkarlıq çox inkişaf edib. Əl əməyi çox güclüdür. Dünyanın hər yerindən Lahora məhz əl iş nümunələrini almağa, sifariş verməyə gəlirlər. Puldan əvvəl isə məhz öz əl işinə hörmət qoymaq, sənətkar adını yaşatmaq əsasdır. Bir dərzinin hər hansı şəkildə keyfiyyətsiz iş görməyi o sənəti gözdən sala bilər.

- Pakistandan fərqli olaraq, Azərbaycanda sizi daha çox məmnun edən nədir?

- Burada qadınların işləmək, cəmiyyətdə fəal mövqe tutmaq istəyi çox xoşuma gəlib. Bizdə qadınlar daha az işləməyə meyillidirlər. Amma sözsüz ki, ailədə kişinin vəzifəsi və borcu daha çoxdur. Qadın hər nə qədər çalışsa da, kişi əsas ailə yükünü öz üzərinə götürməlidir.

Bizim Lahorda belə bir misal var ki, Lahorda pul qazana bilməyən adam heç yerdə qazana bilməz. Mən orada işləyib sənətimi inkişaf etdirirdim. Amma elə bil, hansısa hiss birdən-birə məni Azərbaycana çəkməyə başladı. Hiss o qədər güclü idi ki, hətta atam Muhammad Rauf belə buna qarşı çıxa bilmədi. Amma mənə dedi ki, Əli Asim, sənə getməyə, hətta gedəcəyin yerdə ailə qurmağına o şərtlə icazə verirəm ki, yaşayacağın yerdə hörmət qazanasan, sənətkar kimi sənətinə xəyanət etməyəsən, səndən kiçik bir narazılıq olsa, orada yaşamağına xeyir-dua verməyəcəyəm. Məncə, tale məni doğru yerə aparıb çıxardı.

Top
0.041292905807495