kriminal.az
Makron və Paşinyanın Azərbaycan Prezidentinə uduzduqları məqam

44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan nəinki regional, artıq qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir.

Ölkə Prezidentinin Avropa liderləri ilə görüşləri, Azərbaycanın Almaniya, Böyük Britaniya, ABŞ kimi ölkələrlə əlaqələri, intensiv səfərləri və s. bunun göstəricisidir. Yalnız bu ay Prezidentin Astana səfəri, ŞƏT çərçivəsində səyləri, Çinlə imzalanan strateji tərəfdaşlıq sazişi, Astanada Rusiya prezidenti ilə görüşü, Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRICS-lə münasibətlərin güclənməsi və yeni imkanlar, Mərkəzi Asiya ölkələri ilə münasibətlər, birgə təlimlər, Şuşada türk dövlətləri başçılarının sammiti, İranla münasibətlərin normallaşması, Tehranda səfirliyin fəaliyyətinin bərpa olunması, Prezidentin Londona səfəri, "Avropa Siyasi Birliyi" Sammitində Azərbaycanın iştirakı Prezident İlham Əlyevin uğurlu və çoxşaxəli xarici siyasətindən xəbər verir.

Mövzu ilə bağlı Kriminal.Az-ın suallarını cavablandıran politoloq Tofiq Abbasovun sözlərinə görə, Azərbaycan diplomatiyasının çevikliyi özünü onda əks etdirir ki, biz hansı platformalarda mövcuduqsa, onların hamısında mövqeyimiz aydın, şəffaf və inteqrasiyanın inkişafına yönəlib:

- Bu istiqamətdə Azərbaycan çox uğurla addımlayır. Şanxay Əməkdaşlıq Təşkilatına artıq (ŞƏT) müraciət göndərmişik və onun üzvü olmaq istəyirik. Digər tərəfdən, BRICS-lə yaxşı münasibətlərimiz var. Eləcə də Türk Dövlətləri Təşkilatı günbəgün inkişaf edir. Bunlar hamısı həm bizim, o cümlədən Avropa üçün vacib platformalardır. Xatırlatmaq yerinə düşər ki, iyulun 18-də Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirak etmək üçün Böyük Britaniyaya işgüzar səfər etdi. Azərbaycanın belə bir platformada öz mövqeyini açıqlaması dövlətimizə və onun liderinə böyük diqqətin göstəricisi kimi yadda qaldı.

- Yəqin ki, dünyanın aparıcı dövlətlərinin liderləri buna görə Azərbaycan Prezidenti ilə görüşməyə və fikir mübadiləsi aparmağa can atırlar?

- Onlar bilirlər ki, Azərbaycan vacib regionda yerləşir və bu coğrafiyanın geosiyasi və geoiqtisadi ab-havasını formalaşdırır. Bu proseslərin hamısının mənbəyində dayanan istək də ondan ibarətdir ki, "win-win" prinsipi ilə fəaliyyət həyata keçiririk. Yəni biz elə işləyirik ki, bundan özümüz də qazanırıq, tərəfdaşlarımızın da qazanmağını istəyirik. Belə olduğu halda, Azərbaycan, əlbəttə ki, ilk növbədə praqmatik siyasətə meyil göstərir. Çünki praqmatizm məhz hal-hazırda mövcud olan ən əlverişli məqamların bir nöqtədə kəsişməsini nəzərdə tutur və göstərir ki, həm milli zəmində inkişaf üçün, həm də qlobal zəmində sabitliyin möhkəmlənməsi üçün böyük imkanlar var və bu imkanlardan, söz yox ki, istifadə etmək lazımdır.

Yəni Azərbaycan nisbətən yığcam ölkə olsa da, böyük işlərə qol qoyur. Prezident İlham Əliyev də buna işarə edərək Londondakı çıxışında bildirdi ki, Azərbaycan üç dənizi birləşdirir: elə fəaliyyət nümayiş etdiririk ki, Xəzər, Qara və Aralıq dənizləri artıq bir-biri ilə əlaqəlidir. Burada neft və qaz kəmərləri, digər kommunikasiya, enerji kəmərləri və s. - bunlar bir şəbəkə təşkil etməklə, demək olar ki, Azərbaycan dövlətinin həm xarici siyasət prioritetlərini müəyyən edir, həm də geoiqtisadiyyatda olan vəziyyətə aydınlıq və yüngüllük gətirir. Çünki prinsip etibarilə biz inteqrasiyanın əhəmiyyətindən danışırıqsa, bu o deməkdir ki, arada bir çox tərəfdaşlar bir cərgədə, bir missiya uğrunda birləşirlər. Əgər belə bir imkanlar varsa, deməli, bu tərəfdaşlığı bir az da gücləndirmək lazımdır.

- Deyə bilərikmi ki, bu prosesdə birləşdirici qüvvə kimi məhz Azərbaycanın yanaşması əhəmiyyətli rol oynayır?

- Təbii ki, belədir. Məsələn, vaxtilə biz Bakı-Tbilisi-Qars neft kəmərini çəkəndə bizə etinasız yanaşırdılar, kollektiv Qərb buna ehtiyac olmadığını deyirdi və Ermənistanı bu layihəyə qatmaq şərtilə bizə həm siyasi, həm də iqtisadi baxımdan dəstək olacağını deyirdi.

Azərbaycan isə bütün bunlara rəğmən, planını yenə də həyata keçirdi. Gürcüstanın da yükünü müəyyən mənada Azərbaycan azaltdı ki, bu layihədə iştirak edə bilsin. Daha sonra Cənub Qaz Dəhlizi yenə də eyni aqibətlə üzləşdi. Tərəfdaş dövlətlər bizi dəstəkləsələr də, bəzi ölkələr yenə də mane olmağa çalışdılar. Lakin son nəticədə biz sübut etdik ki, məqsədimiz tərəfdaşlığa yeni töhfələr verməklə dostlarımızın da inkişafına təkan verməkdir və biz buna nail ola bildik.

Nəhayət, geosiyasi zəmində - hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gündəmdədir. Dünyanın bütün aparıcı liderləri bu prosesdən danışır, öz töhfələrini vermək istəyirlər. Hətta Makron kimi boz bir siyasətçi də bu məsələni özünün mətbuat konfransının əsas mövzusu edir. Halbuki, onun gördüyü işlər heç kəsə müsbət təsir göstərmir. Onun, sadəcə, niyyəti bu idi ki, Avropa İttifaqında əsas rol oynasın. Britaniyanın ittifaqdan getməsindən sonra birinci olmaq arzusuna düşdü, lakin bunun əksinə öz zəifliyini, siyasi cəhətdən hazırlıqsız olduğunu göstərdi və indi də adekvat olaraq Avropa Parlamentinə seçkidə partiyası zəif nəticələr verdi, öz ölkəsindəki yaxın keçmişdəki seçkidə də demək olar ki, məğlub oldu.

Bu onu göstərir ki, siyasi və iqtisadi proseslərdə proqnozlar və hesablamalar düzgün xətlə aparılmalıdır ki, atılan addımlar da müsbət nəticə versin. Azərbaycan və onun lideri bunu bacardılar, Makron və Paşinyan isə yox. Çünki bu kimi siyasətçilər əsas hədəfə yox, ikinci, üçüncü dərəcəli məsələlərə köklənirlər, ona görə də problem yaşamalı olurlar. Ona görə də biz açıq etiraf etməliyik ki, artıq bir çox platformalarda həm arzuolunan dövlətik, həm də arzuolunan liderimiz var və onun məhz özünün kreativliyi, islahatlara böyük diqqət yetirməsi və nəticələr alması tək bizim cəmiyyətimizdə deyil, dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Bu platformalarda da ona görə Azərbaycan aparıcı rol oynayır.

- Görünür, Azərbaycanın yaratdığı reallığın nəticəsidir ki, nəinki üzv olduğumuz, hətta üzv olmadığımız platformalara da dəvət olunuruq, bir dövlət kimi mövqeyimizlə hesablaşırlar.

- Buna nümunə olaraq, Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqını göstərə bilərik. Biz təşkilata üzv olmasaq belə, ittifaqın son zirvə görüşlərindən birinə İlham Əliyev fəxri qonaq kimi dəvət olunmuşdu. Amma ikitərəfli formatda biz bunun xeyrini görürük. Digər tərəfdən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - biz orada da yoxuq - Ermənistan istisna olmaqla, təşkilata üzv olan bütün ölkələrlə bizim yaxın münasibətimiz var. Eləcə də NATO. Alyansın üzvü olmasaq da, tərəfdaşlıq proqramında varıq və heç də bundan sui-istifadə etmirik. Əksinə, göstəririk ki, bizim heç bir hərbi-siyasi bloka daxil olmaq niyyətimiz yoxdur.

Biz bloklardankənar fəaliyyətə üstünlük veririk, çünki məqsədimiz sülhün dayaqlarını möhkəmləndirməkdir. Ermənistan isə bu zəmində məntiqsiz addımlar atır, gah Qərbə sığınır, gah Şərqə sığınır, gah da üçüncü dövlətləri köməyə çağırır və bununla da göstərir ki, bu istiqamətdə Ermənistanın aydın inkişaf proqramı yoxdur. Biz isə öz addımlarımızla digər ölkələrə, təşkilatlara yol göstəririk və buna görə də həm sözümüz eşidilir, həm də mövqeyimiz qəbul edilir.

Aqil Vəlili

Top
0.20128107070923