kriminal.az
Avropa İttifaqının Azərbaycana qarşı xain planı

Avropa İttifaqı Şurası Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım ayırmaq barədə qərar qəbul edib. Məlumata görə, yardım Avropa Sülh Fondu çərçivəsində həyata keçiriləcək. Bu, Ermənistan üçün ilk belə qərardır. Məqsəd Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.

Bildirilib ki, dəstək, həmçinin Ermənistanın dayanıqlığını artırmaq və ölkənin Aİ tərəfindən yerləşdirilən beynəlxalq hərbi missiya və əməliyyatlarda gələcəkdə mümkün iştirakı halında onun silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Təbii ki, Avropa Sülh Fondu adlanan, amma mahiyyəti hərbi xarakter daşıyan proqramın Ermənistanda açılmasının bu ölkənin silahlandırılması üçün maliyyələşmə proqramı olmasına heç bir şübhə yoxdur. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanat yayıb. Bildirilib ki, Fransa tərəfindən Ermənistanın "Bastion" çoxməqsədli zirehli avtomobilləri və "Sezar" özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətində atılan addımlardan sonra Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə "bölücü xətlər" yaratmaq siyasətinin təzahürüdür.

Mövzunu Oxu.az-a şərh edən politoloq Rəşad Bayramov bildirib ki, Avropa İttifaqı Şurası tərəfindən Avropa Sülh Fondu vasitəsilə Ermənistana 10 milyon dollar məbləğində yardımın edilməsi birmənalı şəkildə Azərbaycan və Ermənistan arasında, ümumiyyətlə regionda mövcud olan münasibətlərin gərginləşməsinə xidmət edir:

"Görünən odur ki, Avropa İttifaqı Şurası regionda öz maraqlarını təmin etmək üçün müharibə yoluna üstünlük verir. Hər nə qədər də bunun hücum silahları olmadığı deyilsə də, (bu bəyanatları Fransa tərəfindən də eşitmişdik) nəticə etibarilə Ermənistanın silahlandırılması istiqamətində istər Fransa, istərsə də Aİ Şurası tərəfindən atılan addımlar və qəbul edilən qərarlar birmənalı olaraq Ermənistanda revanşist əhval-ruhiyyənin gücləndirilməsinə və Ermənistan-Azərbaycan arasında münasibətlərin gərginləşdirilməsinə xidmət edir".

"Nəzərə alsaq ki, Avropa Sülh Fondu Aİ üzvlərinin maliyyə dəstəyi hesabına formalaşan bir fonddur və indi belə bir qərarın qəbuluna ölkələrin necə razılıq verdiyi özü də müəmmalıdır. Çünki hətta bir ölkənin veto qoyması ilə maliyyə vəsaitinin ayrılmasının qarşısını almaq olardı. Odur ki diqqəti bu istiqamətə yönəltmək və müəyyənləşdirmək lazımdır ki, bu qərar hansı şəkildə qəbul olunub", - deyə politoloq vurğulayıb.

Bayramov əlavə edib ki, bu gün belə bir qərarın qəbulu, bir neçə gün əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyanın özünü sülh danışıqlarından kənara çəkməsi, ardınca ABŞ ilə hərbi təlimlərin davam etməsi və bu fonda Kəlbəcərin atəşə tutulması faktiki olaraq təxribat kimi qiymətləndirilməlidir: "Bütün bu fəaliyyətlər Azərbaycanın da cavab tədbirləri görməsinə hesablanıb ki, sonra da Ermənistan təhlükəsizliyini bəhanə edib müxtəlif ölkələri regiona cəlb etsin. Təbii ki, bu addımlar bundan sonra da davamlı şəkil alacaqsa, silahlanmış Ermənistanın Azərbaycana hücumlarının şahidi olacağıqsa, bunun pis nəticələri olacaq. Bunun məsuliyyəti isə təkcə Ermənistanın yox, həm də onu aktiv şəkildə silahlandıran güclərin üzərinə düşəcək".

Top
0.59643697738647