Fransada keçirilən Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında gümüş medal qazanan üçqat olimpiya çempionu, britaniyalı idmançı Adam Piti Olimpiadada idmançılara verilən qidadan şikayət edib.
Kriminal.Az xəbər verir ki, britaniyalı idmançı təəssüratını "Daily Mail" nəşrinə danışıb.
O qeyd edib ki, qidalanma idmançıların gözlədiyi səviyyədə olmayıb.
"Axı biz yarışlar üçün güc toplamalıyıq. Tokioda yeməklər, Rio-de-Janeyroda olduğu kimi, inanılmaz dərəcədə yaxşı idi. Amma bu dəfə kifayət qədər proteinli qida variantları yoxdur, uzun növbələr var və yemək üçün 30 dəqiqə gözləməli oluruq. Mən ət yemək istəyirəm, mübarizə aparmaq üçün mənə protein lazımdır və evdə də belə qidalanıram. Bəs niyə burada nəyisə dəyişməliyəm? Mən də balıq yeməklərini sevirəm, amma idmançılar onun içindən qurd tapırlar. Bu, yaxşı hal deyil. Mən, sadəcə, insanların öz işlərini daha yaxşı görməsini istəyirəm", - deyə Adam Piti vurğulayıb.
Qeyd edək ki, 30 yaşlı idmançı yarışlardan sonra analiz verib və onun koronavirus testi də müsbət çıxıb.