kriminal.az
Olimpiya kabusu davam edir: Polislər də dilə gəldilər

2024-cü il Olimpiya Oyunlarında işləyən polis əməkdaşları dözülməz yaşayış şəraitindən şikayət ediblər.

Kriminal.Az-ın "RIA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Fransanın aparıcı polis həmkarlar ittifaqı Milli Polis Alyansının xüsusi məsləhətçisi Rik Anri bildirib.

Onun sözlərinə görə, polis əməkdaşlarının yaşadığı yataqxanalarda tarakanlar və siçanlar qaynaşır.

"Polis əməkdaşlarının bir qismi bir sıra narahatlıqlarla üzləşib. Məlum olub ki, yataqxanalarda tarakanlar var. Dezinsektorları çağırmaları üçün rəhbərliyə müraciət etməli olduq. Lakin bundan sonra məlum oldu ki, yataqxanalarda təkcə parazitlər deyil, həm də siçanlar var. Yataqxanalara pis xidmət göstərilir, kanalizasiya ilə bağlı problemlər var", - deyə Anri vurğulayıb.

Xatırladaq ki, şəhər rəhbərliyi və 2024-cü il Olimpiya Oyunlarının təşkilatçıları yarışlardan xeyli əvvəl tam təhlükəsizliyi təmin etmək üçün polis əməkdaşlarının məzuniyyətlərinin 100%-ə qədərini ləğv etdiklərini söyləmişdilər. Parisdə dəfələrlə dövlət orqanları əməkdaşlarının iş şəraitindən narazılığını ifadə edən tətillər keçirilib.

Top
0.048060894012451