kriminal.az
Qərb Ermənistandan oğurlanan milyardlara niyə nəzarət edir?

Ermənistanın həm keçmiş, həm də indiki siyasi rəhbərliyinin rüşvət və korrupsiya bataqlığında boğulduğu artıq heç kimə sirr deyil. Hər gün erməni mətbuatında bu mövzuda qalaq-qalaq yazılar yazılır, faktlar sıralanır. İşin maraqlı tərəfi odur ki, bu qədər faktlara baxmayaraq, talançılıq bu gün də daha iri miqyasda davam edir.

Dövlət məmurları, nazirlər, parlamentin üzvləri ailə fərdləri və qohumları ilə birlikdə müxtəlif üsullarla dövlətin pulunu "yeyir", milyonlar, hətta milyardlarla dəyəri ölçülən sərvətə sahib olurlar. Kiçik, kasıb, ciddi bir təbii resursu olmayan Ermənistan kimi ölkədə 3-5 faizlik məmur təbəqəsindən başqa xalqın böyük əksəriyyəti yoxsulluqla çarpışır. Elə bu faktın özü nəinki Ermənistan, hətta Qərbin də bir çox analitik mərkəzləri tərəfindən təqdim edilib.

Ölkədə yoxsulluq həddi günü-gündən artsa da, oliqarxların əlində cəmləşən sərvətin sayı durmadan artır. Baş nazir Nikol Paşinyan dəfələrlə korrupsiyaya qarşı mübarizəyə başladığını desə də, real mənzərə ondan ibarətdir ki, hazırda ölkədə yeni oliqarx nəsli yetişir. Müxalifətin dili ilə desək, hakimiyyətə yiyələnən "çulsuzlar" qısa müddət ərzində İrəvanın ən bahalı rayonunda mənzillərə, Göyçə gölü ətrafında villalara, iri şirkətlərə sahib olublar. Bununla belə, ölkədəki hərc-mərclik, siyasi stabilliyin olmaması, baş nazirə etibarsızlıq səbəbindən əksər oliqarxlar pullarını Ermənistandan çıxararaq Qərbə aparır, burada müəyyən investisiyalara sərf edirlər. Bu sıraya 2018-ci ilə qədər hakimiyyətdən faydalanaraq yüzlərlə milyon dolları cibinə axıdan onlarla məmurun da adı var. Bu yaxınlarda baş verən hadisə isə oğurlanan pulların Qərbə daşınmasının heç də təhlükəsiz üsul olmadığını üzə çıxarıb.

Bir müddət əvvəl ABŞ məhkəməsinin qərarına əsasən, Los-Ancelesdə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçatryanın ailəsinə məxsus fərdi evə həbs qoyulub və malikanə satışa çıxarılıb. Hazırda mülk 63 milyon dollar dəyərindədir. Əslində, bu proses 2022-ci ildən başlayıb. Sahəsi 2800 kvadratmetr olan malikanə Los-Ancelesin "Holmby Hills" rayonunun bahalı "South Mapleton Drive" məhəlləsində yerləşir. Mülk Artyom və Qurqen Xaçatryanlar tərəfindən alınıb. Birləşmiş Ştatların müvafiq qurumları Ermənistan MTX və Baş Prokurorluğunun müraciətləri əsasında evlə bağlı prosesə başlayıb. ABŞ Ədliyyə Nazirliyi bəyanat verərək bildirib ki, malikanə Ermənistandakı korrupsiya sxemindən əldə edilən gəlirlərlə alınıb. Eyni zamanda, bildirilir ki, satışdan əldə edilən vəsaitin böyük hissəsi Ermənistan Respublikasına qaytarıla bilər.

İlk baxışdan bu, keçmiş hakimiyyətin tanınmış simalarından biri ilə bağlı adi bir xəbərdir. Erməni ictimaiyyəti bu xəbərin arifmetik hissəsi ilə maraqlanır. Yəni sabiqlər ölkədən nə qədər pul talan edib daşıyıblar. Əslində, xəbərin maraqlı tərəfi isə təbliğat tərəfidir. Bu, Paşinyan hökumətinin rıçaqlarından birinə çevrilir. Heç kimə sirr deyil ki, Qaqik keçmiş hökumətin yaratdığı onlarla dollar milyonçusundan sadəcə biridir. Şübhəsiz ki, bu sırada milyarderlər də var. Xaçatryan, eyni zamanda. oğurladığı kapitalı Qərbə daşıyan yeganə məmur da deyil. Bir sıra sabiq və indiki məmurların Qərb ölkələrində əmlak alması, biznes qurması və ofşor hesablarının olması barədə yüzlərlə fakt var. Bu hərəkət "başadüşüləndir": böyük pullar Qərbə axmağı xoşlayırdı, çünki orada nisbətən sabit və təhlükəsiz mühit var idi, pul isə sakit mühiti sevir.

İndi gələk işin mesaj, yəni Paşinyan hökumətinin əlində rıçaqa çevrilən hissəsinə. Qaqik Xaçatryanın başına gələn hadisə sübut edir ki, dövləti talamaqla məşğul olanların oğurladığı kapital hakimiyyət üçün lazım olduğu anda müsadirə olunacaq və artıq toxunulmazlıq qalxanı yoxdur. Qısacası, oğurlanan milyardları Qərbə daşıyanlar tələyə düşüblər. Həyatlarının yeganə mənası olan pullar Paşinyanın sahiblərinin əlindədir və indi oradan hansı musiqini sifariş edirlərsə, onu da oynamalıdırlar.

Bu isə keçmiş hakimiyyətlərin bir çox təmsilçilərini siyasi proseslərdən uzaq durmağa vadar edir. Məhz Qaqik Xaçatryan da son dövrlər siyasi arenaya atılmağa aid işarələr edirdi. Onun payız aylarında planlaşıdırlan aksiyalara Baqrat vasitəsilə pul xərcləyəcəyi də yayılan söhbətlər arasında idi. Deməli, keçmiş oliqarx-bürokratlar Paşinyan hakimiyyətinə qarşı ciblərindən 10 sent də xərcləsələr, bunun ağır nəticələri ilə üzləşmiş olacaqlar. Bu şəxslər vaxtilə ölkəni talan ediblər və indikilər də eyni yolu davam edirlər. Amma oğurlanan milyardlar bu gün Qərbdə olduğu üçün onun siyasi sahibi də Qərb sayılır.

Korrupsiya ilə "qazanılan" pula ev tikə, bahalı maşın ala, məşuqə saxlaya bilər, amma o pulları siyasi məqsədlər üçün xərcləmək hüququndan məhrumdurlar. Talan edilmiş pulların siyasi sahibləri buna imkan vermir. Nəzərə alsaq ki, erməni arxiyepiskop Baqrat Qalstanyanla yanaşı, Ayk Marutyan da payızda siyasi aktivlik nümayiş etdirəcəyini, aksiyalar keçirəcəyini bəyan edib, hakimiyyəti gözləyən təhlükələrin sayının artdığını anlamış olarıq.

Təbii ki, istənilən etiraz, kütləvi aksiya, mitinq keçirmək üçün külli miqdarda vəsait tələb olunur. Bu iş üçün isə pul xərcləyə biləcək şəxslər keçmiş siyasilərdir. Onlar yenidən arenaya qayıtmaq, taladıqları sərvəti daha da artırmaq arzusu ilə alışıb yanırlar. Bunun üçün isə kisənin ağzını açmaq, müəyyən məbləği Baqrat kimilərə xərcləmək lazımdır. Amma yaranan vəziyyət onu göstərir ki, artıq keçmiş məmur-oliqarxların böyük əksəriyyəti bu məsələdən imtina etməli olacaq. Bu siyahıda kifayət qədər keçmiş məmurun və oliqarxın adı var.

Qeyd etmək yerinə düşər ki, Vaşinqtonda fəaliyyət göstərən "Global Financial Integrity" araşdırma və konsaltinq şirkətinin məlumatına görə, təkcə 2004-2013-cü illər ərzində Ermənistandan qeyri-qanuni yollarla 9.8 milyard dollar çıxarılıb. Sözügedən dövr ərzində isə Ermənistanın dövlət borcu 1.2 milyard dollardan 3.8 milyard dollara qədər artıb. Əgər bu gün erməni dövlətinin borcunun 12 milyard dolları ötdüyünü nəzərə alsaq, ölkədən oğurlanan pulların 10 milyard dollardan çox olduğunu anlamış olarıq.

İndi konkret adlara keçək. Məsələn, sabiq deputat Aleksan Petrosyan 2017-ci ilə qədər erməni biznesini dəstəkləmək adı altında ofşor şirkətlər qurub. Bu işdə isə ona kömək edən sabiq ekologiya naziri Aram Arutyunyan olub. Cütlük cinayət yolu ilə əldə etdikləri böyük əmlakı leqallaşdırmaq, çirkli pulları yumaq üçün ofşorlardan istifadə ediblər. Məsələ bununla da bitmir, Aleksanın həyat yoldaşı Lusik Petrosyan da bir neçə qanunsuz mülkə sahib olub və qeyri-rəsmi yollarla bunları sataraq pulları ofşor şirkətlərə transfer edib. Bundan əlavə, cütlüyün İsveçrə banklarındakı hesablarında da bir neçə milyon dollar olduğu üzə çıxıb. "Tarasco İnvestment Ltd" ofşor şirkəti hesabına sabiq deputat müəyyən çirkli pul yuma əməliyyatları aparıb. Bundan əlavə, keçmiş nazirlə sabiq deputatın 14 milyon dollar rüşvət müqabilində Sünik, Lori və Qeqarkunikdəki 10 mədəndə kəşfiyyat işləri aparmağa lisenziya veriblər. Pullar isə ofşor hesablara köçürülüb.

İrəvan Zərgərlik Fabrikinin səhmlərinin 50 faizinə sahib olan "Mirelis Limited" şirkəti 2017-ci ildə Seyşel adalarında qeydiyyatdan keçmiş "Neltax Holding LTD" şirkətinə məxsusdur. Bu şirkət Artak Meltonyana aiddir və sözügedən şəxs özünü "Dzulacentr" ASC-nin direktorlar şurasının sədri kimi təqdim edir. Əslində isə sabiq deputat Sanasar Meltonyanın oğludur. Maraqlıdır ki, atasının əlaqələri nəticəsində Artak Xaçatur Sukiasyan kimi şəxslə şərikliyi də əldə edib və qazanılan pulları ofşor hesablara axıdır.

"Nairit" zavodunun keçmiş direktoru Vaan Melkonyan energetika və təbii sərvətlər naziri Armen Movsisyanla razılaşaraq zavoddan ucuz qiymətə aldığı məhsulu ikiqat, bəzən üçqat baha qiymətə satıb. Əldə edilən məbləğ isə tərəflər arasında bölünərək qeyri-qanuni yollarla ölkədən çıxarılıb. Məsələn, zavoddan tonu 2400 dollara alınan rezin 7800 dollara satılıb. Bu sövdələşmə tərəflərə ən azı 25 milyon dollar qazandırıb. Vaan Melkonyan isə bu işə göz yuman rəsmilərə külli miqdarda rüşvət verib. Maraqlıdır ki, zavodun satış və kredit tarixçəsində bir çox ofşor şirkətlərin adı var. Təbii ki, bu da izləri itirmək, cinayət əməllərini gizlətmək üçün edilib. Sözügedən şəxs tərəfindən Britaniyanın Uels bölgəsində "Interkauchuk" şirkəti qurulub və müəyyən qanunsuz əməllər həyata keçirildikdən, pullar İsveçrə hesablarına axdıqdan sonra ləğv edilib. Bu şirkətin isə səhmdarları maraqlıdır: "Charrydale Limited" - 40% səhmdar, "Lankwood Finance Limited" - 10% səhmdar, "Egler Corporation" - 50% səhmdar.

40 faiz səhmə sahib olan şirkət Virciniya adalarında qeydiyyatdan keçib və sahibi erməniəsilli Vahan Melkonyandır. 10 faiz səhmlərə sahib şirkət də Virciniya adalarında qeydiyyatdan keçib və eyni sahibi var. Maraqlıdır ki, Melkonyanın iki şirkətinə və Aşot Paşinyanın iki şirkətinə təxminən 8.8 milyon dollar ötürülüb.

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın da Fransada dəyəri milyonlarla ölçülən mülkləri var. Fransada isə vətəndaşlığı olmayan şəxslər həmin ölkədə qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə əmlak ala bilərlər. Sarqsyan 2010-cu ildə Parisdə şirkət quraraq, ən bahalı rayonda iki ədəd daşınmaz əmlak alıb. Mülkü əldə etmək üçün isə Fransa bankından 7 milyon 750 min avro kredit götürüb.

Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, son dövrlər erməni oliqarx - məmurlar arasında Dubayda bahalı mülk əldə etmək dəbi yaranıb. Məsələn, Çiçəklənən Ermənistan Partiyasının deputatı Qrant Davtyan "As Sahab" məhəlləsində mənzilə, Dubay Marina rayonunda daşınmaz əmlaka sahibdir.

1999-2007-ci illərdə deputat olmuş Akop Akopyanın da "As Sahab" yaşayış kompleksinin 6-cı mərtəbəsində dəbdəbəli mənzili var.

Ermənistanın gömrük komitəsi sədrinin sabiq müavini Atur Afrikyanın da Dubayda bir neçə bahalı mülkü var.

Ermənistanın Qırğızıstandakı səfiri Babken Sedrakyan da Dubayda "Al Hatimi" yaşayış kompleksində iki bahalı mənzil sahibidir. Ermənistan hərbi hava qüvvələri idarəsi rəisinin arvadı Anait Kostandyanın da Dubayda bir neçə mülkü var. Ermənistanın keçmiş nəqliyyat naziri və İrəvanın sabiq merinin Dubayda iki mənzili var. Sabiq baş nazir və sabiq spiker Ovik Abramyanın "Palm Jumeirah"da dəbdəbəli villası var. Siyahını kifayət qədər uzatmaq mümkündür. Amma bu siyahılar aysberqin sadəcə görünən üzüdür.

Yuxarıda sadalananlar göstərir ki, Paşinyan hökuməti həqiqətən də payız aylarına ciddi hazırlaşır və əvvəlcədən qarşısında yarana biləcək maneələri zərərsizləşdirməklə məşğuldur. Qərb isə Ermənistanın talançı məmurlarına öz qənimətlərini daşımağa icazə verib. Bu isə gələcəkdə onun hər çaldığını oynayan dövlət başçısını müəyyən təhlükələrdən qorumaq üçün nəzərdə tutulubmuş.

"Report" İnformasiya Agentliyi

Top
0.03972315788269