"Bugatti" və "Koenigsegg" kimi markaların keçmiş dizayneri Aleksandr Selipanov tərəfindən yaradılan "Nilu" şirkəti ilk hiperkarını "Nilu27"ni təqdim edib.
Kriminal.Az championat.com-a istinadən xəbər verir ki, avtomobilin dizaynı 1980-1990-cı illərin "Formula-1" avtomobillərindən ilhamlanıb və minimalist üslubda hazırlanıb.
Hiperkar karbon monokokunun ətrafında qurulub.
"Nilu27" üçün "Hot V" konfiqurasiyasındakı mühərrik Yeni Zelandiyadan olan "Hartley Engines" şirkəti ilə birgə hazırlanıb. Bu, 80 dərəcə silindr bucağı ilə 6,5 litrlik təbii atmosferli V12-dir. Agreqatın dəqiq gücü barədə məlumat verilmir, lakin o, 1000 at gücündən artıqdır. Avtomobilin maksimal sürəti 400 kilometr/saatla məhdudlaşdırılıb və o, 100 kilometr/saata üç saniyədən az vaxt ərzində sürətlənir.
Qeyd edək ki, şirkətin adı dizaynerin qızları Nika və Lusiadan götürülüb. "Nilu27" hiperkarının adı isə məşhur kanadalı yarışçı Jil Vilnyova ithaf olunub. Yarışçı vaxtilə məhz 27 nömrəli avtomobili idarə edib.
Hiperkar Monterey Avtomobil Həftəsində ictimai debüt edəcək.