Rusiya hakimiyyətinə müxalif siyasətçi Aleksey Navalnının qütb koloniyasında ölümünün səbəbi "birləşmiş (toplanmış) xəstəlik" olub.
Kriminal.Az forbes.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi siyasətçinin ölümü ilə bağlı cinayət işinin başlanmasından imtina haqqında qətnamədə bildirib.
Sənədin surətini siyasətçinin həyat yoldaşı Yuliya Navalnaya dərc edib. Sənəddə qeyd olunur ki, siyasətçinin ölümü ürək ritminin və keçiriciliyinin pozulması ilə özünü göstərən aritmogen xarakter daşıyıb. Buna səbəb qan təzyiqində kritik artım olub.
"Birləşmiş xəstəlik" dedikdə, damarların və orqanların zədələnməsi ilə müşayiət olunan hipertoniya, diffuz miokardiyoskleroz, beyin və ağciyər ödeminin inkişafı, ürəyin mədəcik fibrilyasiyası nəzərdə tutulur.
Qətnamədə Navalnının ölümünün cinayət xarakterli olmadığı və siyasətçinin bədənində aşkarlanan xəsarətlərin onun reanimasiya cəhdləri ilə əlaqəli olduğu vurğulanıb.
"Məhkum Navalnıya qarşı heç bir qanunsuz hərəkət edilməyib, zorakılıq tətbiq edilməyib və aşkar edilmiş bədən xəsarətləri tibbi manipulyasiyaların nəticəsidir", - deyə sənəddə bildirilib.
Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da "Qütb canavarı" İK-3-ün cəza koloniyasında ölüb. Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib.