ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunması imkanlarını müzakirə edib.
Bu barədə Kriminal.Az "Axios" portalına istinadən xəbər verir.
Nəşrin mənbələrinin bildirdiyinə görə, telefon danışığı zamanı Tramp Netanyahunu Fələstinin radikal HƏMAS hərəkatı ilə saziş bağlamağa sövq etmək istəyib. Eyni zamanda, mənbələr söhbətin dəqiq məzmununu bilmədiklərini də qeyd ediblər.
"Axios" əlavə edib ki, Netanyahunun Aparatında Trampla söhbətin olduğunu inkar etmirlər.
Xatırladaq ki, iyulun sonunda Donald Tramp Netanyahu ilə Florida ştatında yerləşən Mar-a-Laqodakı malikanəsində görüş keçirib və orada Fələstin anklavında atəşkəs məsələsi müzakirə olunub.
Qəzzada atəşkəsə dair danışıqların yeni mərhələsinin avqustun 15-də Dohada keçiriləcəyi gözlənilir. İsrail hakimiyyəti artıq nümayəndə heyətinin oraya göndərilməsinə razılıq verib ki, heyətə "Mossad" kəşfiyyatının direktoru David Barnea başçılıq edəcək.
HƏMAS rəsmi səviyyədə məsləhətləşmələrdə iştirakdan açıq şəkildə imtina etməyib, lakin avqustun 11-də vasitəçilərə çağırış edib ki, Qəzza zolağında atəşkəs sazişinin həyata keçirilməsi üçün konkret planı onlara təqdim etsinlər və danışıqlar masasına oturmaq əvəzinə İsraili bu olanı yerinə yetirməyə məcbur etsinlər.
Qeyd edək ki, Misir, Qətər və ABŞ liderləri avqustun 9-da birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar. Vasitəçilər, həmçinin ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını açıqlayıblar.