Cənubi Koreyanın elektrikli avtomobil bazarında satışlar kəskin şəkildə azalıb. Səbəb "Mercedes-Benz EQE" markalı elektrik avtomobilinin yeraltı qarajında baş verən yanğın olub ki, bu da əhalinin elektriklə işləyən avtomobillərin təhlükəsizliyi ilə bağlı narahatlığına səbəb olub.
Kriminal.Az ixbt.com-a istinadən xəbər verir ki, bu vəziyyətə cavab olaraq Cənubi Koreya hökuməti dərhal reaksiya verib və elektriklə işləyən avtomobillərin təhlükəsizliyini müzakirə etmək üçün təcili iclas çağırıb.
Cənubi Koreya hökuməti fövqəladə iclasda elektrik avtomobilləri istehsal edən şirkətləri akkumulyator təchizatçıları haqqında məlumatı açıqlamağa dəvət edib. Eyni zamanda, avtomobil şirkətləri də istehlakçı tələbatını stimullaşdırmaq üçün proaktiv tədbirlər görüb və qiymətlərin aşağı salınması kampaniyalarına başlayıblar.
"Getcha"nın məlumatına görə, bir çox avtomobil dilerləri elektrikli avtomobil alıcılarına pərakəndə satış qiymətindən 30 %-ə qədər endirimlər təklif ediblər. 30-a yaxın model ən azı 20 % endirim əldə edib. Aksiyada "Volkswagen", "Mercedes-Benz", "BMW" və "Audi" iştirak edir. "Audi" "e-tron" modellərinə 29,5 %-ə qədər endirimlər təqdim edəcək. "BMW iX" və "i7"nin qiyməti 12 %, "Mercedes-Benz EQE" 10 % enib, "Volkswagen ID.4"də endirimlər isə 23 %-ə çatıb.
Bazarda "elektromobil panikası"nın olduğunu təsdiqləyən dilerlər normal şəraitdə yayda belə endirimlərin heç vaxt olmayacağını da əlavə edirlər.