Dünyanın ən yaşlı kişisi olan britaniyalı Con Alfred Tinnisvud 112 yaşını qocalar evində qeyd edib.
Kriminal.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Məlumata görə, 1912-ci il təvəllüdlü Tinnisvud aprel ayında daha əvvəl kişilər arasında uzunömürlülük rekordçusu hesab edilən 114 yaşlı venesuelalı Xuan Visente Peresin ölümündən sonra dünyanın ən yaşlı kişisi kimi tanınıb. Hələ 2020-ci ildə Tinnisvud Böyük Britaniyanın ən yaşlı kişi idi. O, həm də İkinci Dünya Müharibəsi veteranı olan ən yaşlı kişi hesab edilir.
"Mən öz yaşımı hiss etmirəm, buna görə narahat deyiləm. Bəlkə, məhz buna görə bu yaşa gəlib çatmışam", - o bildirib.
Tinnisvud uzunömürlülüyünün xüsusi sirrinin olmadığını və sadəcə şans səbəbi ilə ola biləcəyinə inanır. Eyni zamanda, kişi gəncliyində fiziki aktiv olduğunu və çox gəzdiyini qeyd edib.
Qəzetin yazdığına görə, 2012-ci ildə Tinnisvud 100 illik yubileyi münasibətilə kraliça II Yelizavetadan təbrik məktubu alıb. Nəşr qeyd edir ki, kişi kraliçadan 14 il sonra doğulmasına baxmayaraq, ondan çox yaşayıb. Bundan əlavə, Tinnisvudun həyatı boyunca Böyük Britaniyanın 24 baş naziri dəyişib.