kriminal.az
Durovun həbsindən sonra Fransa hökumətinin saytlarına kütləvi kiberhücum

"Telegram"ın yaradıcısı Pavel Durovun həbsindən sonra hakerlər Fransanın bir sıra dövlət qurumlarının internet saytlarına DDoS hücumları təşkil ediblər.

Bu barədə Kriminal.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, DDoS hücumları serverlərin iş qabiliyyətini pozmağa yönəlib. Hakerlər süni şəkildə onlayn resursa müraciətlərin sayını artırırlar ki, resursun yüklənməsi artsın və nəticədə sıradan çıxsın.

Hakerlərin hücumuna dövlət xidmətləri portalları, Dərmanların və sağlamlıq məhsullarının Təhlükəsizliyi Agentliyinin (ANSM), Confédération Paysanne-nın (Kənd təsərrüfatı birliyi), "Voix du Nord" gündəlik qəzetinin portalları, həmçinin xəstələrin "Doctolib"ə onlayn qeydiyyat sistemi məruz qalıb.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Kleman Dominqonun sözlərinə görə, hücumlar "UserSec", "RipperSec", "Holy League" və "Cyber ​​​​Army Now" kimi qruplar tərəfindən həyata keçirilib. O bildirib ki, bu hakerlər məsuliyyəti öz üzərilərinə götürüblər və yaxın gələcəkdə daha çox hücumlar gözlənilməlidir.

Xatırladaq ki, Durov avqustun 24-də axşam Parisə çatan kimi saxlanılıb və daha sonra həbs müddəti uzadılıb. Biznesmen avqustun 28-dək həbsdə saxlanıla bilər, bundan sonra o, ya azadlığa buraxılmalı, ya da ona qarşı ittihamlar irəli sürülməlidir.

O, Fransa hakimiyyəti ilə əməkdaşlıq etmədiyi və "Telegram"ı kifayət qədər moderasiya etmədiyi üçün narkotik alveri, terrorizm, uşaqlara qarşı cinayətlər və dələduzluqda iştirakda şübhəli bilinib.

LCI mənbələri qeyd ediblər ki, sahibkar hakimiyyət orqanlarının mesencerin fəaliyyəti ilə maraqlandığı Avropa ölkələrinə getməkdən yayınırmış, "Telegram"ın mərkəzi ofisinin yerləşdiyi postsovet ölkələri, Cənubi Amerika və ya BƏƏ-yə üstünlük verirmiş.

"Durovun gizlədəcəyi heç nə yoxdur və o, tez-tez Avropaya səyahət edir. Platformanın və ya onun sahibinin ondan sui-istifadəyə görə məsuliyyət daşıdığını iddia etmək absurddur", - deyə "Telegram" qeyd edib.

Top
0.052073001861572