Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin qızı, elə özü kimi ifaçı olan Dilan Çıtak Tatlıses yenidən gündəmə gəlib. Bu dəfə o, hava limanında əvvəlcə təyyarə bələdçisi, daha sonra isə polis əməkdaşı ilə mübahisəyə girməsi ilə diqqət çəkib.
Sosial mediada böyük əks-səda doğuran bu hadisədən sonra gözlər İbrahim Tatlısesə çevrilib.
Kriminal.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, "Aramızda qalsın" verilişində ifaçıdan qızının bu davranışlarına münasibət bildirməsi istənilib.
Lakin İbrahim Tatlısesin reaksiyası hər kəsi təəccübləndirib. Belə ki, o, əvvəlcə susma işarəsi edib, daha sonra isə bu mövzu ilə bağlı danışmaq istəmədiyini deyib.
Qeyd edək ki, ata-bala arasında münasibətlər çoxdan gərgindir. Bir müddət əvvəl Dilan, atasının Bodrumda yerləşən evinə basqın etmişdi.
Yeri gəlmişkən, Dilan Çıtak bir gün əvvəl Türk Hava Yollarının (THY) Bodrum-İstanbul reysi zamanı pişiyini daşıma çantasına qoymadığı üçün bələdçi ilə mübahisə edib. İkili arasında başlayan sözlü mübahisə qısa müddətdə böyüyüb davaya çevrilib. Hadisə səbəbindən pilot təyyarəyə polis çağırıb və Çıtakdan şikayət edib. Tərəflər polis müşayiəti ilə bölməyə aparılıblar. Dilan Çıtak Tatlıses burada verdiyi ifadədən sonra hava limanından ayrılıb. O da məlum olub ki, Dilan Çıtak Tatlıses aviaşirkət tərəfindən "qara siyahıya" alınıb.