kriminal.az
Deputat:

"Qərbin Azərbaycana qarşı riyakar siyasəti davam etməkdədir. Bu riyakar siyasət torpaqlarımız işğal altında olduğu 30 ildə Azərbaycanı erməni işğalı ilə barışdırmağa hesablanmışdısa, bu gün torpaqlarımızda aparılan yenidənqurma və bərpa işlərinin həzm edə bilməməkdə ifadə olunur".

Bunu Kriminal.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, torpaqlarımızın işğal altında olduğu illərdə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı nə ABŞ, nə də Fransa danışmaq belə istəmirdi: "Onlar Azərbaycanı işğalla barışdırmağa və alçaldıcı sülh bağlamağa çalışırdı. Dövlət başçımız isə açıq şəkildə torpaqlarımızdan bir qarış belə Ermənistana verməyəcəyimizi və işğalla heç vaxt barışmayacağımızı bəyan edirdi. Həm də dövlət başçımız bütün tribunalardan qeyd edirdi ki, münaqişə danışıqlar yolu ilə tənzimlənməzsə, torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik. Amma onlar münaqişənin hərb yolu ilə həllinin olmadığını bildirirdilər. Halbuki BMT TŞ-nın 4 qətnaməsi icra olunmalı idi və ATƏT Minsk qrupunun işi bir başa bu idi. Ermənistanın işğal altında saxladığı ərazilərimizdəki bütün maddi-mədəni irsimizi viran qoyması Qərbin gözü qarşısında baş verirdi. Amma bizi alçaldılcı sülhə dəvət edənlər ermənilərə güldən ağır bir söz demirdilər. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. O cümlədən işğaldan azad etdiyimiz əraziləri yenidən qurub bərpa edirik və keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarırıq. Amma torpaqlarımız işğal altında olduğu dövrdə bizi işğalla barışdırmaq istəyənlər bu gün isə öz suverən ərazilərimizdə apardığımız quruculuq işlərini həzm edə bilmirlər. Onlar suverenliyimizin bərpasını belə həzm edə bilmir və Azərbaycanın öz gücü ilə suverenliyini necə bərpa etdiyini düşünürlər. Ona görə də Ermənistanı sürətlə silahlandırır və ABŞ-nin Azərbaycana sanksiyalar tətbiq etmək planları üzərində işləyirlər.

Hətta sülh müqaviləsindən danışan ABŞ Dövlət katibi sanksiyalarla bağlı məktublar hazırlayır. Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir. Yəni, beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyündən danışanlar Azərbaycana çatanda bu məsələləri unudur və ölkəmizə təzyiq göstərərək cinayətkar Ermənistana haqq qazandırmağa çalışırlar. ABŞ özü istəyəndə sanksiyalar tətbiq edir və onları ləğv edir. Məsələn, 1992-ci ildə Azərbaycana sanksiyalar tətbiq etdikləri halda, ABŞ Əfqanıstana daxil olarkən Azərbaycanla əməkdaşlıq lazım olduğuna görə sanksiyaları dayandırmışdılar. İndi isə ərazilərimiz bərpa olunduğuna görə bizə sanksiyalar tətbiq etməyə çalışırlar. Hətta onlar Ukraynanı ərazi bütövlüyünün bərpası üçün silahlarla təmin edir və hər cür yardımlar göstərirlər. Amma Azərbaycanı isə ərazi bütövlüyünü təmin etdiyinə görə ittiham edirlər. Təbii ki, bu riyakarlığın və ikiüzlülüyün təməlində Azərbaycanofob və İslamofob siyasət dayanır. Onlar Azərbaycanla bağlı bir qərar qəbul etməzdən əvvəl ilk növbədə özlərinin çirkin və ləkəli tarixlərinə baxsınlar", - deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Azərbaycan heç bir dairənin qarşısında baş əyməyəcək: "Dövlətimiz öz ərazilərinin suverenliyini bərpa etdiyi kimi onu qoruyub saxlamaq iqtidarındadır. Kim bizim uğurlarımıza sevinib qəbul edirsə onlar bizim dostlarımızdır. Kimlər ki, uğurlarımıza məyus olur və Ermənistanı yenidən revanşizmə hazırlayırsa, onlar bizə dost ola bilməzlər. Azərbaycan heç kimin qarşısında baş əyməyərək müstəqil siyasət yürüdür. Xalq-iqtidar birliyi ölkəmizi daha da gücləndirəcək və inkişaf etdirəcək. Heç kimə uğurlarımıza kölgə salmağa imkan verilməyəcək. Xalqımız qələbə ruhunda yaşayır və bundan sonra da bu ruhda yaşamaqda davam edəcək. Riyakar dairələr isə kənardan bizim uğurlarımızı görüb ancaq əzab çəkəcək", - deputat sözlərini tamamlayıb.

Mərahim Nəsib

Top
0.10285210609436