kriminal.az
Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunublar

Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ukrayna ərazisində həbs edilən Kamerun bayrağı altında üzən gəminin azərbaycanlı heyəti təxliyə olunub.

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 6-da səfirliyin konsulluq şöbəsinin fövqəladə hallar üçün nəzərdə tutulmuş qaynar xəttinə müraciət daxil olub. Məlum olub ki, bir aydan artıq Odessanın "Reniy" dəniz ticarət limanında Kamerun bayrağı altında üzən "Usko Shipping" şirkətinə məxsus "Usko Mfu" adlı ticarət gəmisi sözügedən limanda saxlanılaraq dənizə çıxması Ukrayna hökuməti tərəfindən məhdudlaşdırılıb. Gəmidə 12 nəfərdən ibarət heyətin xidmət apardığı, onlar arasında 7 nəfərin (bir nəfər gəmi kapitanı) Azərbaycan Respublikası vətəndaşı olduğu müəyyənləşib.

Səfirlik dərhal Azərbaycan vətəndaşlarının təxliyəsi üçün təxirəsalınmaz işlər görüb. Bu xüsusda Azərbaycanla Ukrayna arasında 1997-ci il martın 24-də Kiyev şəhərində imzalanmış Konsulluq Konvensiyasının müvafiq bəndləri rəhbər tutularaq vətəndaşlarımızın təxliyəsi istiqamətində Ukrayna dövlət qurumları ilə yazışmalara başlanılıb.

İlkin olaraq, Ukrayna Dövlət Sərhəd Xidmətindən vətəndaşların ölkəyə daxil olması ilə bağlı tətbiq edilən məhdudiyyət aradan qaldırılıb. Habelə səfirlik tərəfindən "Reniy" dəniz ticarət limanının rəhbərliyi və Ukrayna Xarici İşlər Nazirliyi qarşısında müvafiq görüşlərin keçirilməsi üçün vəsatət qaldırılıb. Səfirlik tərəfindən atılan müvafiq addımlar nəticəsində oktyabrın 4-də vətəndaşlarımızın təxliyə edilməsi üçün razılıq əldə olunub.

Qeyd olunan tarixdə səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov, Pərviz Əsədov "Reniy" dəniz ticarət limanına ezam olunublar və Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, bir Türkiyə vətəndaşının da təxliyəsi həyata keçirilərək vətənlərinə dönməsi təmin olunub.

Top
0.046408176422119