Gürcüstanın Baş Prokurorluğu eks-prezident Mixail Saakaşvilinin 2016-cı ildə müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı Qivi Tarqamadzeyə qarşı sui-qəsd işində əli olduğunu üzə çıxarıb.
Bu barədə Kriminal.Az TASS-a istinadən xəbər verir.
Məlumata görə, sentyabrda hüquq-mühafizə orqanlarının əməkdaşları qiyabi məhkum olunmuş və 2016-cı ildə Tarqamadzeyə qarşı sui-qəsdin təşkilinə görə axtarışda olan David Xeçuaşvilini saxlayıblar. Sentyabrın 19-da Xeçuaşvili qeyri-qanuni şəkildə Gürcüstan-Türkiyə sərhədini keçib və sərhədçilər tərəfindən saxlanılıb.
Gürcüstan prokurorluğunun brifinqdə verdiyi məlumata görə, məhbus ifadəsində bildirib ki, 2016-cı ildə Şota Çiçiaşvili adlı biri ilə görüşüb və Çiçiaşvili o vaxt Ukraynada yaşayan Saakaşvilinin göstərişini ona çatdırıb.
"Görüşdə Şota Çiçiaşvili məhkuma bildirib ki, bu yaxınlarda Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini Qia Lortkipanidze ilə birlikdə Ukraynada Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə görüşüb. Saakaşvili görüşdə deyib ki, o, partiyasının üzvü Qivi Tarqamadzeyə etibar etmir. Belə ki, onun məlumatına görə, Tarqamadze 2016-cı il parlament seçkisindən əvvəl ovaxtkı Gürcüstan hökuməti ilə əməkdaşlıq edib. Bundan irəli gələrək Saakaşvili Çiçiaşviliyə Qivi Tarqamadzeyə nəzarət etməyi və onu izləməyi həvalə edib", - deyə prokurorluğun bəyanatında bildirilib.