BMT Təhlükəsizlik Şurası İsrailin Qətərin paytaxtına endirdiyi zərbələri pisləyib və ərəb ölkəsinin suverenliyinə dəstəyini ifadə edib.
Kriminal.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin "X" sosial şəbəkəsində paylaşdığı məlumatda bildirilir.
"Təhlükəsizlik Şurasının üzvləri sentyabrın 9-da əsas vasitəçinin ərazisi olan Dohaya endirilən zərbələri pisləyiblər. Onlar insan itkisindən dərin təəssüf hissi keçiriblər. Onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar", - bəyanatda deyilir.
Sənəddə Təhlükəsizlik Şurasının üzvləri həmçinin gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq, Qətərə dəstək ifadə ediblər.
"Təhlükəsizlik Şurasının üzvləri Qətərin ABŞ və Misirlə birlikdə regionda vasitəçilik səylərində oynamağa davam etdiyi kritik rolu dəstəklədiklərini bir daha aşıqlayıblar", - bəyanatda deyilir.
Bundan əlavə, Təhlükəsizlik Şurası Qəzza zolağında saxlanılan girovların azad edilməsinin, eləcə də anklavda hərbi əməliyyatların dayandırılmasının əsas prioritet olaraq qaldığını qeyd edib.
Qeyd edək ki, İsrail sentyabrın 9-da Dohada olan Həmas rəhbərliyinin üzvlərini vurub. Əmirliyin Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb. HƏMAS danışıqlarda iştirak edən nümayəndə heyəti üzvlərinin ölümü ilə bağlı mətbuatda daha əvvəl yayılan xəbərləri təkzib edərək, hücumda Qəzza zolağındakı hərəkatın liderlərindən birinin oğlu Xəlil əl-Hayinin oğlu, həmçinin Qətər təhlükəsizlik qüvvələrinin üzvü də daxil olmaqla altı nəfərin öldüyünü etiraf edib.