kriminal.az
Media nümayəndələrinin COP29 tədbir məkanına mediatur baş tutub

Oktyabrın 18-də iqlim konfransına hazırlıq işləri ilə bağlı COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionuna mediatur təşkil edilib.

Kriminal.Az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 60-dan çox media nümayəndəsinin, o cümlədən teleradio şirkətlərinin, informasiya agentliklərinin və xəbər saytlarının rəhbərlərinin iştirak etdiyi mediaturda COP29-a hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Mediaturda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də Əməliyyat Şirkətinin müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər. Tanışlıq turu çərçivəsində media nümayəndələrinə tədbir məkanının konfransa hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilib, ərazidə icra edilən tikinti-quraşdırma işlərinin yekun tamamlanma mərhələsində olduğu və tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil veriləcəyi bildirilib.

Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər. Qeyd olunub ki, indiyədək konfransın işıqlandırılması üçün dünyanın ən nüfuzlu media qurumları da daxil olmaqla, 2 700-ə qədər media nümayəndəsi akkreditasiyadan keçib və hazırda qeydiyyat prosesi davam edir. 6 325 kvadratmetr sahəni əhatə edən Media Mərkəzində 1 200 media nümayəndəsinin eyni anda işləyə bilməsi üçün hər cür şərait təşkil olunub.

Mediatur çərçivəsində həmçinin qeyd edilib ki, cari tarixə olan məlumatlara əsasən, COP29-da iştirak üçün qeydiyyatdan keçən müxtəlif ölkə nümayəndələrinin ilkin sayı artıq 28 000 nəfər təşkil edir. COP tədbirlərinə xas olaraq əksər nümayəndə heyətlərinin tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə dinamik artımının müşahidə ediləcəyi bildirilib.

Xüsusilə vurğulanıb ki, COP29 konfransının təşkili zamanı inklüzivlik və müyəssərliyin təmin olunması əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Belə ki, tədbir məkanın hər kəsə əlçatan olması üçün tikinti və quraşdırma işlərinin bütün mərhələlərində müvafiq tələblər nəzərə alınıb.

Sonda media nümayəndələrini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Media nümayəndələrinin COP29 tədbir məkanına mediatur baş tutub

Media nümayəndələrinin COP29 tədbir məkanına mediatur baş tutub

Top
0.048804044723511