kriminal.az
Ermənistan Azərbaycanla bağlı layihəni təsdiqlədi:

Ermənistan parlamentinin komissiyası Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini təsdiqləyib. Layihənin parlamentin sabah keçirilməsi planlaşdırılan iclası çərçivəsində ratifikasiya olunacağı gözlənilir. Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur. Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.

Mövzu ilə bağlı Kriminal.Az-a danışan politoloq İlyas Hüseynov Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin formalaşması və nizamlanması istiqamətində bir sıra təmasların həyata keçirildiyini xatırladıb:

"Əvvəlki dövrlərdə bu təmaslar müxtəlif sahələri əhatə etməklə ümumi prosesi daha da dolğun edirdi. Çünki həm baş nazirlərin müavinlərinin, həm xarici işlər nazirlərinin, eləcə də liderlərin görüşləri intensiv sürətdə davam edirdi. Hazırkı durumda isə sanki sərhədlərin delimitasiyası və demarkasiyası üzrə görüşlər öz effektivliyi ilə seçilir".

"Birincisi, baş nazirlərin müavinləri səviyyəsində olan görüş Azərbaycan-Ermənistan sərhədində keçirilir, ikincisi, sərhəddə keçirilən görüşlər vasitəçisizdir, heç bir moderatorun iştirakı yoxdur, üçüncüsü, konkret hədəflər müəyyənləşib, dördüncüsü də nəticələr mövcuddur və göz qabağındadır. Sərhəd təhlükəsizliyi və sərhədlərin delimitasiyası üzrə komissiyanın qəbul etdiyi əsasnamənin Ermənistan Konstitusiya Məhkəməsinin müvafiq rəyi ilə parlamentə yönəldilməsi və müvafiq komissiya tərəfindən təsdiqlənməsi belə bir şəraiti formalaşdırır ki, bu, həm də plenar iclasda ratifikasiyadan keçəcək. Bu da əslində, sülhə töhfə verən addımdır", - deyə şərhçi vurğulayıb.

O əlavə edib ki, sülh prosesini yalnız bir istiqamətdə görmək lazım deyil:

"Baxmayaraq ki, bu istiqamət də uğurludur, nəticələri var. 12 kilometrlik Azərbaycan-Ermənistan sərhədinin şimal istiqaməti artıq demarkasiya olunub. Yeni geosiyasi reallıqlar şəraitində sərhədlərin delimitasiyasından sonrakı mərhələdə demarkasiyasına ümidlər yaranır və bu prosesi icra etmək lazımdır. Eyni zamanda, sərhəd təhlükəsizliyi məsələləri Azərbaycan-Ermənistan sülh müqaviləsinin tərkib hissəsi olmalıdır və sülh müqaviləsinin imzalanması yönündə Azərbaycanın haqlı tələbləri yerinə yetirilməlidir".

Mərahim Nəsib

Top
0.047038078308105