kriminal.az
Taksi sürücüsünün zorladığı qadını əri boğub öldürdü - Qətlə yetirilən Validənin GÖRÜNTÜLƏRİ

2023-cü il sentyabrın 14-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olub. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar.

Məlum olub ki, cinayət hadisəsi Zabrat qəsəbəsi, Vidadi küçəsi, 36, ev 2-də baş verib. Divanın üzərində arxası üstə yarıuzanıqlı vəziyyətdə Validə Zülfüqarovanın meyiti aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, 1960-cı il təvəllüdlü Şahniyar Məmmədov rəsmi nikah münasibətində olduğu Validə Zülfüqarovanın işlədiyi restorandan evə gecə saatlarında taksi ilə tək qayıtması, tez-tez ondan nə zaman işdə növbədə olacağı ilə maraqlanıb, ona qarşı soyuq münasibət göstərməsi səbəbindən arvadının başqa şəxslərlə yaxın münasibətdə olmasından şübhələnib. Avqustun 11-də söhbət edən zaman qadın bir ay əvvəl işdən qayıdarkən, şəxsiyyəti istintaqa məlum olmayan Rasim adlı taksi sürücüsü ilə intim münasibətdə olmasını etiraf edib. Qadın əri ilə birgə yaşamaqdan imtina edərək boşanmaq istəyib. Şahniyar Məmmədov bundan hiddətlənərək, arvadını qısqanclıq zəminində öldürmək istəyib. Beləliklə, kişi sentyabrın 14-ü saat 13:30-da qonaq otağında, növbəti dəfə xəyanət mövzusunda yaranan mübahisə zamanı, divanın üzərində olan qadın retuzunu götürüb, Validə Zülfüqarovanın boğazına bir neçə dəfə dolayıb və var gücü ilə sıxıb. Nəticədə, qadın keçinib.

Hadisə olan ev

İş üzrə dindirilmiş Şahniyar Məmmədov bildirib ki, 1990-cı ildə Validə Zülfüqarova ilə ailə həyatı qurub, nikahlarından 4 övladları dünyaya gəlib. Validə xasiyyətcə sakit insan olub, şəkərli diabet, yüksək təzyiq xəstəliklərindən əziyyət çəkib:

"Təxminən 30 il Tovuz rayonunda yaşamışıq. Validə evdar qadın idi. Hadisədən 10 ay əvvəl ailəmi də götürüb, işləmək üçün Bakıya gəldim. Zabrat qəsəbəsində ayda 250 manat ödəməklə kirayədə qalırdıq. Bakıya köçəndən sonra Naxçıvanski adına Hərbi Liseydə mühafizəçi işləyirdim. İki gün evdə, iki gün işdə olurdum. Yoldaşım isə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında yerləşən "Alp" restoranında qabyuyan işləyirdi. Gündəlik 15 manat pul alırdı. Evə gecə saat 2-3 radələrində gəlirdi. İyun ayında evdə olanda Validəyə dedim ki, yaxınlıqda park olsaydı, nəvələrimizi aparıb gəzdirərdik. Arvadım isə cavabında, Bakı Olimpia Stadionunun yaxınlığında böyük bir park olduğunu dedi və ora gedə biləcəyimizi soruşdu. Təəccüblənərək bu parkı haradan tanıdığını, ora nə zaman getdiyini soruşanda, Validə işdən evə qayıdanda, taksi sürücüsünün maşını stadionun arxa tərəfindən sürdüyü üçün parkı kənardan gördüyünü dedi.

Həmin gün yoldaşımı işə aparıb, evə qayıdandan sonra bu barədə çox fikirləşdim. Çünki həmin göl Balaxanı yolunun yaxınlığında yerləşir və yaşadığımız ünvanla Validənin işlədiyi restoranın arasında olan yol həmin göllə tam əks istiqamətdədir. Bundan sonra arvadımdan həqiqəti söyləməsini tələb etdim. Validə Rahilə adlı xanımla parkda çay içdiyini desə də, həmin qadın arvadımla heç vaxt orada olmadığını bildirdi. Bütün bunlardan sonra Validə etiraf edib ki, bir neçə dəfə Rasim adlı taksi sürücüsü ilə evə həmin yolla gəlib. Bir dəfə həmin şəxs öldürəcəyi ilə hədələyərək, avtomobili yolun kənarında saxlayıb və zorla Validə ilə cinsi əlaqədə olub. Validə ilə arasında olan bu söhbəti telefona yazdım ki, lazım gəlsə, sonra bu etirafını sübut edim. Bu barədə öz uşaqlarıma, Validənin bacısı və atasına məlumat verdim. Dəfələrlə Rasim adlı şəxsi axtardım hətta "Bolt" taksi şirkətinin ofisinə getsəm də, həmin şəxsi tapa bilmədim.

Avqustun 18-də Validə özbaşına bacısının evinə getdi. 6 gündən sonra onu tapıb evə gətirdim. Son zamanlar özünə yeni paltarlar almışdı, bu haqda soruşanda paltarları atasının aldığını demişdi. Həmin gecə yatmağa gedəndə bədənində göyərmə izi gördüm. Avqustun 23-də mən işə gedən kimi Validə heç kimə demədən əvvəl bacısıgilə, sonra isə Tovuz rayonuna atasının evinə gedib. 2 həftə orada qalıb. Qayınatamın mobil telefonuna zəng vurub Validə ilə danışdım, ondan xahiş etdim ki, qayıtsın. Sentyabrın əvvəllərində o, evə qayıtdı. Ayın 14-ü saat 14 radələrində divanda əyləşib söhbət edərkən, arvadıma evin yaxınlığında qara rəngli bir maşın dayandığını deyib, onun Rasim adlı şəxsə məxsus olub-olmadığını soruşdum. Validə isə həmin şəxsi tanımadığını söylədi və üstümə qışqırmağa başladı. Mənimlə kobud danışmasından qəzəblənərək, divanın üstündə olan qadın corabını götürüb yoldaşımın boğazına iki dəfə doladım. Möhkəm sıxaraq, onu arxası üstdə divana yıxdım və boğmağa başladım. Validə müqavimət göstərə bilmədi, tədricən taqətdən düşdü".

Şahniyar Məmmədov

Şahniyar 3-4 dəqiqədən sonra Validənin nəfəs almadığını görüb öldüyünü düşünüb. 102 xidmətinə zəng vurub arvadını öldürdüyünü bildirib. Evdə oturaraq, 15-ci polis bölməsi əməkdaşlarının gəlməsini gözləyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Vəsilə Zülfüqarova ifadəsində göstərib ki, bacısının ailəsində olan mübahisələrə Şahniyarın onu yersiz yerə qısqanması səbəb olub:

"Onların ailə işlərinə qarışmadığım üçün bu qısqanclığın haradan qaynaqlandığını bilmirdim. Validə tərbiyəli, əxlaqlı insan idi, heç vaxt səhv hərəkətinin şahidi olmamışam. Şahniyarın sözlərinə görə, guya bacım Rasim adlı bir nəfərlə yaxın münasibətdə olub. Lakin əslində heç vaxt belə bir şey olmayıb, Şahniyar bunu özündən uydurub. Sentyabrın 14-də günorta qohumlarım zəng vurub Şahniyarın Validəni boğub öldürməsi haqda məlumat verdilər. İstintaqda Şahniyar özünə haqq qazandırmaqdan ötrü arvadına şər atdı. Hadisənin şahidi olmamışam. Şahniyar niyyətini həyata keçirmək üçün nəvəsini aldadıb marketə göndərib. Bacımın istifadəsində heç vaxt mobil telefon olmayıb. Hətta işdən çıxanda taksi sifarişini restoranın işçiləri verirdilər".

Vəsilə Zülfüqarova qeyd edib ki, Şahniyar Məmmədova məxsus mobil telefondakı qadın səsi bacısına aid deyil.

Validə Zülfüqarova

Şahid Şiralı Zülfüqarov bildirib ki, avqust ayında kürəkəni qızını döydüyü üçün o, Bakıya gedib və Validəni götürüb öz evinə aparıb:

"Səhərisi gün qızım boşanmaq üçün Tovuz rayon məhkəməsinə müraciət etdi. Səhv etmirəmsə, məhkəmə prosesi sentyabrın 13-nə təyin olunmuşdu. Validə təxminən 1 həftə rayonda qalandan sonra Şahniyar gəlib onu Bakıya apardı. Şahniyar Validəni, onu axşamlar işdən evə gətirən taksi sürücüsünə qısqanıb. Amma qızım həmin şəxslə heç bir münasibətinin olmadığını və yoldaşının yalan danışdığını bildirirdi".

Məhkəmə iclasında Şahniyar Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Şahniyar Məmmədovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilib. O, həmin maddə ilə təqsirli bilinərək, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahniyar Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Top
0.047370910644531