kriminal.az
İrəvan özünü alovun içinə atır: Ermənistan Avropa İttifaqına üzv olur?

"Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumun keçirilməsi üçün tələb olunan 50 min imza əvəzinə 60 min imza toplanıb. Bu barədə Ermənistanın "Eurovote" imzatoplama qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.

Ermənistan Avropa İttifaqına üzv olmaq istəyir, amma bu, çox uzun prosedurdur və bir çox sahələrdə islahatlar tələb etməklə yanaşı, Ermənistanın üzv olduğu digər iqtisadi birliklərlə ziddiyyət təşkil edir".

Bunu Kriminal.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqında (Aİİ) təmsil olunmaqla bu qurumun verdiyi bütün imkanlardan və güzəştlərdən faydalanır:

"İrəvan Aİİ daxilində ixracda gömrük rüsumu və vergidən azad olur. Ermənistan həm istəyir ki, Rusiyanın yaratdığı Avrasiya İttifaqının verdiyi güzəştlərdən yararlansın, həm də Avropa İttifaqına üzv olmaqla bu təşkilatın maliyyə, iqtisadi imkanlarından faydalansın. Hazırda Ermənistan müxtəlif istiqamətlər üzrə Aİ-dən maliyyə və texnologiya yardımını alır. Lakin Ermənistan üçün əsas bazar Rusiyadır, başqa sözlə desək, onun istehsal etdiyi və ixrac etdiyi kənd təsərrüfatı məhsulları, əsasən, Rusiya bazarlarında satılır, Qərbi Avropa deyil. İstehsal olunan məhsulların standartı Aİ məkanı üçün uyğun deyil".

"Ermənistan hökuməti hesab edir ki, iqtisadi təhlükəsizlik baxımından Aİ onların gələcəklərinin qarantı rolunu oynaya bilər. İrəvan xarici siyasətdə Qərbə inteqrasiyanı prioritet olaraq görür, onu özünün qarantı hesab edir. Ermənistan Gürcüstandakı hadisələrdən sonra Qərbin regionda əsas dayaq nöqtəsi olmağa çalışacaq. Bu, eyni zamanda, Qərbdən yeni güzəştlər və yardımlarla müşayiət olunacaq", - deyə deputat əlavə edib.

Mərahim Nəsib

Top
0.071052074432373