"12 yaşında çıxdığım doğma torpağımıza dörd övladımla qayıdıram".
Bunu Kriminal.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Ramin Eyvazov deyib.
O bildirib ki, 30 ildən çox Sumqayıt şəhərində köçkün həyatı sürüb:
"Cəbrayıldan çıxanda beşinci sinifdə oxuyurdum. Çox çətin günlər yaşadıq. Şükürlər olsun ki, o ağrılı-acılı günlər keçmişdə qaldı. Bu gün biz öz doğma yurdumuza qayıdırıq. Dörd övladımla 12 yaşında çıxdığım Vətənimə qayıdıram.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır. Bu mərhələdə daha 42 ailə (206 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov