"Azərbaycan, Ermənistandan fərqli olaraq, bölgədə dayanıqlı kommunikasiyaların yaradılması, işğaldan azad edilən ərazilərin iqtisadi potensialının inkişafının təmin edilməsi məqsədilə qərb rayonları və Naxçıvan arasında bağlantının yaradılması üçün işlərə davam edir".
Kriminal.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Nəqliyyat və kommunikasiyaların yaradılması və Zəngəzur dəhlizi məsələsi 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında məhdudiyyətsiz əlaqələrin yaradılması öhdəliyi Ermənistandadır.
Bu istiqamətdə, əfsuslar olsun ki, 4 ildir gedən danışıqlar hələ bir nəticə verməyib. Bu proseslər davam edəcək. Paralel olaraq Azərbaycan tərəfi, Ermənistandan fərqli olaraq, bölgədə dayanıqlı kommunikasiyaların yaradılması, işğaldan azad edilən ərazilərin iqtisadi potensialının inkişafını təmin etmək məqsədilə ölkənin əsas ərazisi ilə Naxçıvan arasında bağlantının yaradılması üçün işlərə davam edir.
Artıq Ermənistan sərhədinə yeni çəkilən dəmiryol xətti yaxınlaşır, Araz çayı üzərindən İrana körpü tikintisi sürətlə davam edir. Bir neçə alternativlər üzərində işləyirik", - deyə nazir əlavə edib.
Aygün Mirakif